...

Azərbaycanda könüllülük fəaliyyəti qanuniləşdirilib

Siyasət Materials 9 Aprel 2008 13:07 (UTC +04:00)
Azərbaycanda könüllülük fəaliyyəti qanuniləşdirilib

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində insanların könüllü - öz istəyi əsasında əvəzi ödənilməyən işlərdə çalışmalarının hüquqi əsaslarını müəyyən edən qanun layihəsi hazırlanıb. "Qanun layihəsinin hazırlanmasını zəruri edən Azərbaycanda vətandaş cəmiyətinin inkişaf etməsidir", - deyə Azərbaycan Parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri və sosial siyasət daimi komissiyalarının çərşənbə günü keçirilən birgə iclasında qanun layihəsinin müəllifi, Milli QHT Forumunun prezidenti, deputat Azay Quliyev bildirib.

Azərbaycan Parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri və sosial siyasət daimi komissiyalarının çərşənbə günü keçirilən birgə iclasında "Könüllülük fəaliyəti haqqında" qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi Milli QHT Forumu və onun beynəlxalq tərəfdaşlarının təşəbbüsü ilə hazırlanıb.

"Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının hazırkı səviyyəsi QHT-lərin üzləşdikləri problemlərin dövlət səviyyəsində və qanun əsasında həllini zəruri edib", - deyə Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələrdə 250 mindən artıq könüllü fəaliyyət göstərir. Amma onların hüquqi statusu və fəaliyyəti qanunla tənzimlənmir: "Könüllülərlə hər hansı müqavilə imzalamaq mümkün olmur, bu isə əmək qanunvericiliyinin pozulması deməkdir. Könüllülərin əməyindən istifadə edən təşkilatlar onlarla müqavilə imzalamadıqlarına görə, sanksiyalarla üzləşə bilərlər. Ona görə də qanunun qəbul edilməsi zəruridir".

Layihənin ilkin variantında könüllülük fəaliyyəti adı altında siyasi təbliğat aparılması və dini təriqətlərin yayılmasının qadağan edilməsi nəzərdə tutulurdu. Lakin sonradan bu məsələlər layihədən çıxarılıb.

Layihə 12 maddədən ibarətdir.

Dünyanın 20-dən artıq ölkəsində "Könüllülük fəaliyəti haqqında" qanun layihəsi qəbul olunub. ABŞ-da il ərzində könüllülərin gördüyü işin dəyəri 250 mlrd. dollardır.

Qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti