Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir M.Əliyev/ Bakı və Moskva Buşer Atom Elektrik stansiyası üçün nəzərdə tutulan Rusiya yükünün Azərbaycan ərazisindən daşınmasının detalları haqqında razılığa gəliblər.
"Demək olar ki, bütün məsələlər üzrə razılığa gəlmək və ya irəliləyişi qeyd etmək mümkün olub", - Rusiya xarici işlər nazirinin müavini Georgi Karasin Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra, çərşənbə günü Bakıda jurnalistlərə bildirib.
Rusiyanın "Atomstroyeksport" şirkətinin "Buşer" AES üçün istiliyi izolyasiya edən avadanlıqdan ibarət yükü martın 29-da Azərbaycanın İranla sərhədində saxlanılıb, bir aydan sonra isə, İrana buraxılıb.
Azərbaycan gömrüyü bildirib ki, ixrac yükləri üzərində nəzarətin tələblərinə əsasən, bu yükün ölkə ərazisindən və onun sərhədlərindən keçməsinə Nazirlər Kabinetinin icazəsi tələb olunur.
Öz növbəsində, "Atomstroyeksport" vurğulayıb ki, yük ikili təyinata malik mal və xüsusilə də nüvə materialı deyil, onun tədarükü isə, beynəxalq təcrübədə qəbul edilmiş bütün qaydalar üzrə rəsmiləşdirilib.
Buşer AES - i 1975-ci ildə alman şirkətləri tikməyə başlayıblar. Lakin, İrandakı inqilab, Tehrandakı Amerika səfirliyinin tutulması və ABŞ-ın İrana yüksək texnologiyaların tədarükünə qoyduğu embarqodan sonra, müqavilədən imtina ediblər.
1995-ci ilin yanvarında "Zarubejatomenerqostroy" və İranın Atom Enerjisi Təşkilatı Tehranda stansiyanın birinci blokunun tikintisinin başa çatdırılmasına dair müqavilə imzalayıblar.
Rusiya da bir VVER-1000 tipli reaktor və onun üçün nüvə yanacağı tədarük etməyə, iranlı mütəxəssisləri hazırlamağa razılıq verib. Müqavilənin ümumi dəyəri 1 mlrd. dollar qiymətləndirilir. VVER-1000 reaktorunun tədarükünün qiyməti isə 850 mln. təşkil edib.
1998-ci ilin fevralında Rusiya və İran, RF-nin, sadəcə, AES-in qurulmasında yardım etməyəcəyi, həmçinin, stansiyanın tikintisini tam başa çatdırmasına dair razılığa gəliblər. Tikinti 1999-cu il iyulun 8-də başa çatmalı olsa da, "Buşer" AES-in istismara verilməsi tarixi bir neçə dəfə təxirə salınıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]