Azərbaycan, Bakı, 24 may/ Trend , müxbir İ.Əlizadə/ Çexiya parlamentinin nümayəndə heyəti Azərbaycanla elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi və bu sahələrdə mövcud problemlərin həlli məsələlərini müzakirə etmək üçün bazar ertəsi Bakıya gələcək. "Çexiya elm, təhsil, mədəniyyət, gənclər və idman sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır", - deyə şənbə günü Trend Newa-a açıqlamasında Azərbaycan parlamentinin Çexiya ilə əlaqələr üzrə İşçi Qrupun üzvü, deputat Asəf Hacıyev bildirib.
Onun sözlərinə görə, Çexiya parlamenti Deputatlar Palatasının Elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın rəhbərlik etdiyi nümayəndə heyətinə altı deputat daxildir.
Çexiyalı deputatlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, parlamentin Elm və təhsil , Mədəniyyət komssiyalarının üzvləri, təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, mədəniyyət və turzim naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşəcəklər.
"Görüşlərdə Azərbaycanla elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq", - deyə Hacıyev əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]