Gürcüstan, Batumi, 30 iyun / Trend , müxbir N.Kirtsxaliya/ "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) üçüncü sammiti iyulun 1-də Batumidə "GUAM Avropanın şərqini birləşdirir" siyasi şüarı altında keçiriləcək.
Gürcüstan XİN-dən verilən məlumata görə, iyunun 25-29-da Batumidə GUAM-ın Ekspertlər və Milli Koordinatorlar Şurasının iclasında 1 iyul sammitində baxılacaq və imzalanacaq sənədlər razılaşdırılıb. İyunun 30-da isə elə buradaca sahə idarələrinin (iqtisadi, humanitar və hüquq-mühafizə) birgə iclası keçiriləcək.
Xarici işlər nazirlərinin iclası və geniş tərkibli plenar iclas iyulun1-də "İnturist" mehmanxanasında keçiriləcək. Batumidə təşkilata katiblik Azərbaycandan Gürcüstana veriləcək.
İlkin məlumatlara görə, sammitdə dünyanın 25 ölkəsinin və beynəlxalaq təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edəcək.
Sammit çərçivəsində müxtəlif səviyyələrdə "GUAM+" formatında ABŞ Dövlət Departamentinin nümayəndələri, Çexiya xarici işlər naziri və eləcə də Yaponiya tərəfi ilə görüşlər keçiriləcək. Görüşlər GUAM xarici işlər nazirləri Şurası səviyyəsində keçiriləcək. Polşa prezidenti Lex Kaçinski ilə keçiriləcək görüş isə dövlət rəhbərləri Şurası səviyyəsində keçiriləcək.
Plenar iclasda GUAM dövlət rəhbərləri ilə bərabər dəvət olunan nümayəndə heyəti rəhbərləri və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili də iştirak edəcək.
Sammitdə Batumi sammitinin Bəyannaməsinin, sammitin rəsmi məlumatının (Komyunike), GUAM-ın nəqliyyat və tranzit potensialının istifadə edilməsi üzrə Bəyannamənin və Gürcüstanın GUAM-da katiblik Proqramının imzalanması nəzərdə tutulub.