Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində olan 15 nəfərdən ibarət treyninq qrupu üzvlərinin sayı artırılır.
"Dairə seçki komissiyalarında bu yaxınlarda katiblik yaradılıb və burada çalışan işçilər təlimləndirilərək treyninq qruplarına cəlb ediləcək. Nəticədə treninq qrupu üzvlərinin sayı təxminən 267 nəfərə çatdırılacaq", Trend -un məlumatına görə, bunu Bakıda Azərbaycan Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Venesiya Komissiyasının seçki komissiyalarının üzvləri üçün birgə təşkil etdiyi treyninqdə MSK sədri Məzahir Pənahov deyib.
Trend -un arayışı: 2000-ci ilin əvvəllərindən MSK üzvəlrindən ibarət treyninq qrupu fəaliyyət göstərir. Qrup aşağı seçki komissiyalarının üzvlərinə seçki prosesi ilə bağlı treyninqlər keçir.
Pənahov bildirib ki, qrupun üzvlərinin sayının az olması əlavə problemlər yaradırdı. "15 nəfərin 30 mindən yuxarı komissiya üzvlərinə təlimlər keçməsi ən azı 2 ay vaxt aparırdı", - deyən Pənahov treyninqin 2 gün davam edəcəyini, Venesiya Komissiyasının ekspertlərinin bu işdə yaxından iştirak edəcəyini və qrupa yeni üzvlərin daxil olacağını vurğulayıb.
Pənahov həmçinin seçki komissiyaları üzvlərini bu prosesdə aktiv iştirak etməyə çağırıb. "Azərbaycan dövləti və xalqı demokratik seçki keçirmək iqtidarındadır və bu seçkilərdə bunu bir daha nümayiş etdirməliyik", - deyə o bildirib.
Azərbaycanda prezident seçkisinin bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçki gününün dəqiq tarixini açıqlayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]