Azərbaycan, Bakı, 05 sentyabr, Trend / Rufiz Hafizoğlu-Yaxın Şərq redaksiyasının rəhbəri
Türkiyə prezidenti Abdulla Gülün sentyabrın 6-da Ermənistan və Türkiyə komandaları arasında keçiriləcək futbol matçını izləmək üçün Yerevana səfər edəcəyi haqda prezident administrasiysı açıqlama verib.
Prezident administrasiyasının səfərin sırf idman xarakterli olmasını bildirməsinə baxmayaraq, bu səfərin gələcəkdə iki dövlət arasında yeni imkanlara yol aça biləcəyi də vurğulanır.
Verilən açıqlamada Gülün Yerevan səfərinin Qafqazda son zamanlar hökm sürən gərgin atmosferin yumşaldılması üçün də ümüdverici olduğu bildirilir. Bu açıqlama verilən zaman unudulan əsas məqamlardan biri odur ki, Qafqazda yaranmış gərgin atmosferin əsas səbəbkalarından biri də məhz Ermənistanın özüdür.
Qərbin və ABŞ-ın Türkiyənin dünyanın bir çox qaynar nöqtələrində vasitəçı kimi çıxış etməsinə göz yummasının əsas səbəblərindən biri də gələcəkdə Ankaranın vasıtəçilik "həvəsin"dən öz siyasi məqsədləri üçün istifadə etməkdir. ABŞ-ın tətbiq etdiyi siyasət öz real bəhrəsini artıq verdi - Gül futbol matçını "izləmək" üçün Yerevana səfər edəcək.
Bu səfərin məhz Vaşinqtonun diqtəsi ilə həyata keçirildiyi artıq sirr deyil. Çünki Gülün Yerevan səfəri daha çox Ermənistanın və ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Renninqton Yerevanda keçirdiyi mətbuat konfransında Ermənistan-Türkiyə münasibətləri haqda belə deyib: "Ermənistan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi və sərhədlərin açılması üçün ABŞ-dan daha çox vasitəçilik edən başqa bir ölkə yoxdur".
Renninqton Ermənistan-Türkiyə sərhədlərinin hazırki vəziyyətinə toxunaraq, 1993-cü ildən bağlı olan bu sərhədin tez bir zamanda açılmasının və iki ölkə arasında sərbəst ticarətin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib.
Kapitoliyada ABŞ Dövlət katibi müavininin vəzifələrini icra edən Deniel Frid Ermənistan-Türkiyə əlaqələrinə münasibətini bildirərkən bunları söyləyib: " İki dövlət arasında olan gərgin vəziyyət heç kim üçün əlverişli deyil. Ermənistan və Türkiyə arasında sərhədlər açıq olmalıdır. ABŞ həmçinin transsərhəd dialoqun, Ermənistan və Türkiyə arasında tədqiqat təşəbbüslərinin reallaşdırılmasının, konfrans və mübadilə proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı dəstəkləyir. Türkiyənin öz tarixində mövcud olan qaranlıq səhifələrlə barışması labüddür."
Fridin sözləri onu söyləməyə əsas verir ki, türk diplomatiyası ABŞ-ın yeritdiyi siyasət qarşısında sarsılıb və gec-tez Ankara Ermənistana qarşı tətbiq etdiyi prinsipial məqamlardan əl çəkəcək.
Eyni zamanda Ermənistan da Gülün səfərini səbirsizliklə gözləməkdədir. Çünki ermənilər Gülün Yerevan səfərinə tam olaraq hazırdırlar.
Ermənistan prezidenti Sarkisyan CNN telekanalına verdiyi müsahibəsində belə deyib : "Qonşuların bir-birinə baş çəkməsi çox normaldır və bu səfəri tərəflərə təzyiq kimi qarşılamağa dəyməz. Ermənistanda heç bir dövlət rəsmisi Türkiyəyə qarşı rəsmi torpaq iddiasında olmasa da, Türkiyədə hələ də Ermənistanın bir dövlət kimi mövcud olmadığını düşünən qurumlar mövcuddur. Türkiyə ilə Ermənistan arasında torpaq problemi olsa da, bu, iki dövlət arasında diplomatik əlaqələrin qurulmasına əngəl deyil. Rusiyanın da Çin və Yaponiya ilə torpaq problemi var, lakin bu, dövlətlər arasında rəsmi diplomatik əlaqələrin olmasına mane olmur".
Sarkisyanın sözləri onu söyləməyə əsas verir ki, erməni rəsmiləri digər region dövlətlərinə qarşı torpaq iddiasında olduğu kimi, Türkiyəyə qarşı da iddialıdırlar. Sadəcə, Ermənistan Türkiyə ilə diplomatik əlaqələri bərpa etməklə, gələcək strateji planlarını həyata keçirmək üçün iqtisadi baxımdan güclənmək istəyir.
Sarkisyanın "Gürcüstanda baş vermiş son hadisələr Ermənistan iqtisadiyyatından da yan ötmədi, ölkədə güclü yanacaq böhranı yaşandı"- deməsi onu söyləməyə əsas verir ki, Türkiyə ilə diplomatik əlaqələrin bərpası Yerevana tənəzzül etmiş iqtisadiyyatını bərpa etmək imkanı verəcək.
Ermənistan iqtisadiyyatının bərpası üçün ilk növbədə sərhədlərin və Qars-Gümri dəmir yolunun açılması vacibdir. Ermənistan rəhbərliyi isə ölkə iqtisadiyyatının inkişafı üçün ilkin mərhələdə öz prinsiplərindən müvəqqəti olaraq vaz keçə bilər.
Hadisələrin belə gedişi isə qardaş Türkiyədə daxili gərginliklə nəticələnə bilər. Çünki Gülün səfərini, Ermənistandan fərqli olaraq, Türkiyədə heç də hamı birmənalı qəbul etmir. Gülün Yerevan səfəri Tükiyədəki hakim partiya AKP-nin səs itirməsi və müxalifətin daha da aktivləşməsi ilə nəticələnə bilər.
Diqqəti çəkən ən vacib məqamlardan biri də odur ki, 15 il bundan əvvəl Süleyman Dəmirəl hökuməti zamanı erməni rəsmilərinin Türkiyəyə gəlişini məhz Gül ciddi şəkildə tənqid etmişdi.
O vaxt Rifah Partiyası adından çıxış edən Gül belə demişdi: "Siz mənə elə bir ölkə göstərin ki, qardaşlarını qətl edənlərlə bir araya gəlsin. Qarsın Ermənistan torpağı olduğunu iddia edən və bütün bunlardan sonra Türkiyəyə gələn o adamlarla necə görüşmək olar?" Heç şübhəsiz, ermənilər bu 15 il ərzində öz siyasətlərini dəyişməyiblər.
Tükr diplomatiyasının bildiyi, lakin unutduğu bir məsəl var: "Könül nə çay istər, nə də çayxana. Könül söhbət istər, çay bir bəhanə". Dolayısıyla Sarkisyana nə futbol lazımdır, nə də futbol izləmək. Sarkisyana sərhədlərin açılması lazımdır, futbol isə bir bəhanədir.