Azərbaycan, Bakı, 13 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də Estoniyanın baş naziri Andrus Ansipi qəbul edib.
Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edən Andrus Ansip, dünyada iqtisadi böhranın müşahidə olunduğu bir vaxtda Azərbaycanda sürətli iqtisadi inkişafın getdiyini vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu və bundan sonra da inkişafı üçün kifayət qədər potensialın mövcudluğunu bildirdi.
Prezident İlham Əliyev təbrikə görə təşəkkür etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, son seçkilərdə də xalqın ona etimad göstərməsinin gələcək uğurların əldə edilməsi üçün yaxşı əsas yaratdığını bildirdi.
Enerji sahəsində Azərbaycanın təşəbbüslərinin yeni formatda daha da genişləndiyini qeyd edən dövlətimizin başçısı bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu dedi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]