...

İran – Türkiyə əməkdaşlığı Qəzzədəki hərbi əməliyyatların regiona yayılmasının qarşısını ala bilər

Siyasət Materials 14 Yanvar 2009 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar  / Trend ,   müxbirlər  B.Həsənov, T.Cəfərov/ İran - Türkiyə əməkdaşlığı İsrailin Qəzzədə hərbi əməliyyatları dayandırmasına kömək etməsə də,    müharibənin Yaxın Şərq regionuna yayılmasının qarşısını ala bilər.

"İran ilə Türkiyənin Qəzzə probleminin həlli ilə bağlı diplomatik əməkdaşlığı müharibənin Yaxın Şərqə yayılmasının qarşısını almaqda böyük rol oynayır", - deyə türkiyəli ekspert Arif Kəskin çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

İranın İRNA informasiya agentliyinin məlumatına əsasən, İran parlamentinin spikeri Əli Laricani yanvarın 13-də Türkiyəyə rəsmi səfər edib. Səfər zamanı Laricani Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Laricani İslam Konfransı Təşkilatına üzv ölkələrin parlament spikerlərinin İstanbulda keçirilən fövqəladə iclasında iştirak edib.  İclasda Qəzzədə baş verən hadisələr  və İsrailin Qəzzəyə hücumunun dayandırılması  yolları araşdırılıb.

Dekabrın 27-də İsrail Qəzzə Zolağına hava hücumuna başlayıb. Yanvarın 3-dən İsrail Qəzzəyə yerüstü əməliyyatlara başlayıb. BBC-nin Fələstin səhiyyə mənbələrinə istinadən verdiyi məlumata əsasən, bu günədək əməliyyatlarda 950 fələstinli həlak olub, 4000 nəfərə yaxın yaralanıb. Qəzzəyə hərbi əməliyyatlar başlanandan İran və Türkiyə rəsmiləri İsrail hücumunun qarşısını almaq üçün müxtəlif səviyyələrdə birgə diplomatik fəaliyyət göstərirlər. Dekabrın 29  - da İran prezidenti Mahmud Əhmədinejadla  Türkiyə prezidenti Abdullah Gül arasında Qəzzə hadisələri ilə bağlı telefon danışığı olub. Yanvarın 7- də İran prezidentin xüsusi nümayəndəsi Səid Cəlili Türkiyəyə səfər edərək, bu ölkənin prezidenti və Baş naziri ilə Qəzzə hadisələrini müzakirə edib.

Türkiyəli ekspert Kəskin hesab edir ki, Iranın İsrailin Qəzzəyə hücumunu dayandırmaq imkanları çox məhdud olduğundan, İran üçün ən optimal variant bölgənin nüfuzlu ölkələrindən olan Türkiyənin müharibəni dayandırmaq istiqamətindəki diplomatik səylərinə güclü dəstək verməkdir.

Ekspertin fikrincə, Türkiyə və İranın bu məsələdə əməkdaşlığının müsbət təsiri o ola bilər ki, müharibənin Yaxın Şərqə yayılmasının qarşısı alına bilər. "İranın və Tehranın təsir dairəsində olan Livanın müharibəyə birbaşa müdaxilə etməməsi müharibənin yayılmasının qarşısını alan ən önəmli amillərdən biridir",-deyə Kəskin bildirib.

İranlı ekspert Əhməd Cansız hesab edir ki, bu məsələdə İran - Türkiyə əməkdaşlığı İsrailin hərbi  əməliyyatları dayandırmasına kömək etməyəcək. "Müharibənin həlli vasitəçi ölkələrin deyil, müharibə iştirakçılarının öz əlindədir,",- deyə Beynəlxalq məsələlər və Türkiyə - İran münasibətləri üzrə iranli ekspert  Əhməd Cansız  çərşənbə günü telefonla Tehrandan Trend - a bildirib.

Ekspertin fikrincə, İsrail və ABŞ  Qəzzədə öz strateji hədəflərinə çatmayanadək,  atəşkəsə razı olmayacaqlar.

Cansız hesab edir ki, təkcə İsrail və ABŞ deyil,  bəzi Ərəb ölkələri də Həmas təşkilatını  məhv etmək və ya onun gücünü zəiflətmək istəyir.

Türkiyəli ekspert Kəskinin fikrincə, Yaxın Şərqin sünni ərəb ölkələri şiə və fars ölkəsi olan İranın bölgədə  hər cür fəaliyyətinin əleyhinədirlər. "Türkiyə və Suriya kimi ölkələrin İranla əməkdaşlığı ərəb ölkələrində narahatlıq doğurur",- deyə Kəskin bildirib.

İsrailli ekspert Yehudet Auerbach hesab edir ki, Türkiyə və İran əməkdaşlığı, Qəzzə probleminin həllində mötədillikdən uzaq olan radikal gücləri dəstəklədiyənə görə, problemin həllinə heç nə verə bilməz. "Türkiyə Qəzzə məsələsinin həllində əhəmiyyətli rol oynamaq istəyir, lakin bu o demək deyil ki, Ankara strateji müttəfiqi olan İsrailə qarşı, radikal dövlətlərlə əməkdaşlıq etməlidir",- deyə Bar-İlan Unuversitetinin (İsrail) politologiya professoru Yehudet Auerbach  çərşənbə günü Yerusəlimdən telefonla Trend -a bildirib.

İsrailin Qəzzə əməliyyatları başlandığı gündən, Iran və Türkiyə ictimaiyyətində genişmiqyaslı etiraz aksiyaları davam edir.

Məqalənin hazırlanmasında Ü.Sadıqova iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti