...

NATO qoşunlarının Qırğızıstandan Özbəkistana köçürülməsi ehtimalı azdır

Siyasət Materials 19 Fevral 2009 10:24 (UTC +04:00)
NATO qoşunlarının Qırğızıstandan Özbəkistana köçürülməsi ehtimalı azdır

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir V.Javoronkova/ Qırğızıstan prezidentinin NATO tərəfindən Əfqanıstanda anti-terror əməliyyatlarının aparılması üçün istifadə olunan "Manas" aviabazasının bağlanması haqda sərəncamına baxmayaraq, Şimali Atlantika blokunun qoşunlarının Özbəkistan hərbi bazası Karşi-Xanabada qayıtması ehtimalı çox azdır.

"Hazırda Özbəkistanın öz ərazisində ABŞ qüvvələrinin yerləşdirilməsi üçün yenidən icazə verməsi ehtimalı yoxdur", - Trend -a Daşkənddən telefonla, müstəqil özbək politoloq Sergey Yejkov bildirib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı, general Devid Petreus çərşənbə axşamı Özbəkistana gəlib. Rəsmi məlumatlara görə, onun səfərinin məqsədi regional təhlükəsizlik məsələlərinin, eləcə də Əfqanıstanda sülh həyatının bərpası problemlərinin müzakirəsidir.

Analitiklər onun səfərini həm də ABŞ-ın NATO-nun Mərkəzi Asiyada sonuncu tam fəaliyyətli Qırğızıstandakı "Manas" hərbi bazasının bağlanması halında anti-terror koalisiyasının ən böyük ehtimalla yeni dislokasiya yeri kimi Özbəkistanı nəzərdən keçirməsi ilə bağlayır.

Bu yer Karşi-Xanabad ola bilər. Bu baza 11 sentyabr hadisələrindən sonra Əfqanıstandakı əməliyyatlara aviasiya dəstəyinin, Amerika qüvvələrinə ərzaq və hərbi əmlakın tədarükü üçün ABŞ-ın sərəncamına keçib.

Ancaq 2005-ci ildə Əndicandakı nümayişin hökümət tərəfindən amansızcasına dağıdılması ilə bağlı ABŞ-ın Özbəkistanı qınaq obyektinə çevirməsindən sonra NATO qoşunları bazadan çıxarılıb.

Yejkovun fikrincə, Petreusun məhz Özbəkistana gəlişi yaranmış durumda bu ölkənin ABŞ üçün vacibliyini göstərir.

Qırğızıstandakı "Manas" aviabazasının bağlanması haqda qərar hələ qəbul edilməyib, çünki Bakiyevin sərəncamı respublika parlamenti tərəfindən təsdiq olunmayıb.

"ABŞ "Manas" bazasının fəaliyyətini davam etdirmək üçün həm Bişkek, həm də Moskva ilə danışıqlar aparır", - MDB ölkələri üzrə rus ekspert Stanislav Pritçin hesab edir.

"Petreusun Daşkəndə səfəri bu danışıqların uğursuzluqla nəticələnməsi və Manas bazasının bağlanması halında əsas sığorta variantıdır. Bu baza ABŞ üçün çox vacibdir", - Trend -a Moskvadan Pritçin bildirib.

Pritçinin fikrincə, buna görə də Petreusun Daşkəndə səfərinin əsas məqsədi Karşi-Xanabaddakı bazanın işinin yenidən bərpa olunması imkanının müzakirəsidir.

"ABŞ Özbəkistanla hərbi əməkdaşlığı genişləndirməlidir", - Trend -a Özbəkistan daxili siyasəti üzrə ekspert Nabijon İkramxocayev deyib.

ABŞ üçün Mərkəzi Asiya ərazisində bazanın mövcudluğu regionun NATO qüvvələri tərəfindən "Sarsılmaz azadlıq" hərbi əməliyyatının aparıldığı Əfqanıstana yaxın yerləşməsi baxımından vacibdir. Məsələn, bağlanmaqda olan "Manas" aviabazasında minlərlə ABŞ hərbçisi və hərbi-nəqliyyat təyyarələri var.

"Ancaq hər halda ABŞ qoşunlarının Özbəkistana qayıdacağı ehtimalı yoxdur. Çünki Əndican məsələsindən sonra iki dövlətin münasibətləri alınmır", - Yejkov hesab edir.

"Petreusun səfəri ABŞ-ın heç olmasa cüzi şəkildə də olsa, siyasi, texniki və hərbi-texniki sahələrdə qarşılıqlı münasibətlərin bərpasında maraqlı olması ilə bağlıdır", - Yejkov qeyd edib.

"Karşi-Xanabadda ABŞ hərbi bazası həm də ona görə olmayacaq ki, onun açılışı ABŞ-da siyasi rezonansa səbəb ola bilər", - Beynəlxalq böhran qrupunun analitiki Pol Kuin-Cadc hesab edir.

"Özbəkistanın insan hüquqları sahəsindəki zəif nüfuzu səbəbindən belə bazanın açılması ABŞ-dakı siyasi rezonansı neqativ edə bilər", - Trend -a telefonla Bişkekdən Kuin-Cadc deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın insan hüquqları ilə bağlı çox güclü mövqeyi var və dünyada demokratik prezident kimi elə də böyük şöhrətə malik olmayan prezident Kərimovla inam münasibətləri ortaya çıxarsa, Obama çox çətin sualları cavablandırmalı olacaq.

Materialın hazırlanmasında həmçinin iştirak ediblər: Е.Оstapenko, Т.Jukov (Daşkənd).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti