Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalifyönlü partiyasının sədri ABŞ-da Xocalı faciəsi ilə bağlı keçirilən kampaniyada iştirak edəcək.
"Asim Mollazadə ABŞ-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalı həftəsi" çərçivəsində Nyu-York, Vaşinqton və San-Fransiskoda keçiriləcək tədbirlərə qatılacaq", - cümə günü Trend -a Demokratik İslahatlar Partiyasının (DİP) mətbuat xidmətindən bildirilib.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Mollazadə "Xocalı ədalət kampaniyası" adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırım ilə bağlı konfransda çıxış edəcək. "Səfər zamanı Xocalı soyqırımını əks etdirən film və digər materiallar ABŞ ictimaiyyətinin nümayəndələrinə təqdim olunacaq. Millət vəkili BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Xocalı faciəsi ilə bağlı planlaşdırılan aksiyaya dəstək verəcək. Xocalı ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Qarabağda törədilmiş cinayətlərlə bağlı BMT-nin Baş katibinə və bu təşkilatın üzv dövlətlərinə müraciət ünvanlanacaq", - məlumatda qeyd edilir.
DİP sədrinin səfər zamanı Kaliforniya parlamentində, yerli idarəetmə orqanlarında və Vaşinqtonun siyasi dairələrində bir sıra görüşləri də nəzərdə tutulur.
Dеmоkrаtik İslаhаtlаr Pаrtiyаsı (DİP) 2005-ci ildə təsis оlunub. Mərаmnаməsini və fəаliyyət istiqаmətlərini libеrаl dəyərlərin həyаtа kеçirilməsi təşkil еdir. Pаrtiyаnın sədri millət vəkili Аsim Mоllаzаdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]