...

Azərbaycanda keçiriləcək referendum seçici fəallığı ilə müşahidə olunacaq - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 16 Mart 2009 12:07 (UTC +04:00)
Azərbaycanda keçiriləcək referendum seçici fəallığı ilə müşahidə olunacaq - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /  

Azərbaycan hakimiyyəti hesab edir ki, referendum seçici fəallığı ilə müşahidə olunacaq.

"Təbliğat kampaniyası çərçivəsində əhaliyə referenduma çıxarılan məsələlərin bütün mahiyyəti çatdırılıb. Əminəm ki, seçicilərin 70 faizdən çoxu bilavasitə bu kampaniya çərçivəsində referenduma çıxarılan məslələrin mahiyyəti ilə tanış olub. Düşünürəm ki, martln 18-də insanlar mütəşəkkil şəkildə referenduma çıxarılan məsələlərə münasibətlərini bildirəcəklər", - bazar ertəsi Trend -a Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend - un arayışı: Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası bu gün - martın 16-da saat 24:00-da başa çatdırılmalıdır. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları isə əleyhinə təbliğat aparır.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanda referendumu izləyəcək beynəlxalq müşahidəçilərin sayı 170, yerli müşahidəçilər isə 47 minə yaxındır. Müşahidəçilərin yekun siyahısı sabah açqılanacaq.

Həsənovun sözlərinə görə, Azərbaycanda referendumqabağı mühit Seçki Məcəlləsində nəzərdə tutulmuş qayda və prosedurlara uyğun formalaşdırılıb. "Doqquz təşviqat qrupunun hamısı üçün yerlərdə, rayonlarda, kəndlərdə, istehsalat müəssisələrində, Bakı şəhərində əvvəlcədən nəzərdə tutulmuş və elan olunmuş yerlərdə bütün şərait yaradılıb. Təşviqat kampaniyasının bu gün son günüdür. Qruplar üçün həm elektron, həm də qəzetlərdə şərait yaradılıb", - Həsənov bildirib.

Şöbə müdiri referendumöncəsi ATƏT, Mərkəzi Seçki Komissiyası və Prezident Aparatının iştirakı və təşkilatçılığı ilə bütün yerli icra hakimiyyəti orqanları başçıları, dairə komissiyaları sədrlərinin iştirakı ilə keçirilmiş seminarların əhəmiyyətini yüksək qiymətləndirib.

"Seminarların əhəmiyyəti ilk növbədə, onunla ölçülür ki, seminar iştirakçılarının diqqətinə referendumun keçirilməsi ilə bağlı digər təşkilati məsələlər çatdırıldı, vəzifələri bir daha onlara xatırladıldı. Seçki prosesinin pozulmasından irəli gələn məsuliyyət barədə hər bir yerli icra hakimiyyətinə məlumat verildi. Seminarların bir tərəfdən maarifləndirmə, digər tərəfdən biliklərin təkmilləşdirilməsi və xəbərdarlıq baxımından çox böyük əhəmiyyəti oldu. Referendum bütün beynəlxalq standartlar və Seçki Məcəlləsinin tələblərinə cavab verəcək", - Həsənov deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti