...

Azərbaycan hakimiyyəti hesab edir ki, boykot çağırışları siyasi müxalifətin eybəcər mərəzinə çevrilib

Siyasət Materials 16 Mart 2009 12:15 (UTC +04:00)
Azərbaycan hakimiyyəti hesab edir ki, boykot çağırışları siyasi müxalifətin eybəcər mərəzinə çevrilib

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan hakimiyyəti hesab edir ki, bəzi müxalifət partiyalarının bu günə qədər boykot çagırışları seçicilərin seçkilərdə iştirakının faizinə ciddi təsir göstərməyib.

"Boykot çağırışı artıq siyasi müxalifətin eybəcər bir mərəzinə çevrilib ki, onlar bundan qurtula bilmirlər. Son seçkilərin əksəriyyətində onlar az və ya çox şəkildə boykot qərarı, boykot edəcəklərini və ya boykot çağırışlarını səsləndiriblər. Amma gördüyünüz kimi, bu, heç də seçkilərin intensivliyinə, seçicilərin seçkilərdə iştirakının faizinə ciddi təsir göstərməyib. Bu o deməkdir ki, onların boykot çağırışları ciddi ictimai əhəmiyyət kəsb etmir", - bazar ertəsi Trend -a Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Referendumun əleyhinə təbliğat aparan  "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə etiraz olaraq referendumun boykot edilməsi barədə qərar qəbul ediblər.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə təbliğat aparır.

Referendum üzrə təşviqat qruplarının fevralın 18-dən etibarən bağladığı təbliğat kampaniyası bu gün - martın 16-da saat 24:00-da başa çatdırılmalıdır. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanda referendumu izləyəcək beynəlxalq müşahidəçilərin sayı 170, yerli müşahidəçilərin sayı isə 47 min nəfərə yaxındır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti