...

Azərbaycan parlamentində təmsil olunan müxalifətçi deputatlar Türkiyə-Ermənistan sərhədlərinin açılmasını pisləyir

Siyasət Materials 7 Aprel 2009 16:10 (UTC +04:00)
Azərbaycan parlamentində təmsil olunan müxalifətçi deputatlar Türkiyə-Ermənistan sərhədlərinin açılmasını pisləyir

Azərbaycan, Bаkı, 07 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın müxalifət partiyalarının parlamentdə (Milli Məclis) təmsil olunan deputatları Türkiyə-Ermənistan sərhədlərinin açılmasını pisləyir və rəsmi Ankaranı bu siyasətdən çəkinməyə çağırıb.

"Ermənistan indiki halda müəyyən qədər təcrid olunub. Türkiyə sərhədləri açacağı halda Ermənistan siyasi mühasirədən çıxacaq və inkişaf edəcək", - çərşənbə axşamı Trend -a Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsamyılov bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İsmayılovun sözlərinə görə, sərhədlər açılarsa, bu, Azərbaycan üçün bir qədər psixoloji gərginlik də yaradacaq.

"Ermənilər zaman-zaman həm də türk olduğumuza görə bizi məhv etməyə çalışıblar. Torpaqlarımızın 20 faizini işğal edərək Türkiyə ilə münasibətlərini yaxşılaşdırırlarsa, onda Dağlıq Qarabağ problemi, ümumiyyətlə ikinci plana keçəcək", - partiya sədri əlavə edib.

Millət vəkilinin fikrincə, sərhədlərin açılması Dağlıq Qarabağ probleminin həlli şərtilə olarsa, bu addımı alqışlamaq mümkündür.

"Türkiyə-Ermənistan sərhədlərinin açılması Qarabağ məsələsinin həllinə çox ciddi təsir göstərməyəcək. Çühki bu məsələ ilə bağlı zəmanət əldə olunmadan belə addımın atılması əslində Türkiyənin Azərbaycandakı mövqelərinə xeyli sarsıdıcı zərbə vuracaq", - çərşənbə axşamı Trend -a müxalif Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin üzvü Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, sərhədlərin açılacağı halda Azərbaycan Türkiyə ilə bağlı alternativ siyasətini yürüdəcək. "Qarabağ məsələsində isə Azərbaycanın razılaşmadığı və qoşulmadığı müzakirədə irəliləyişin əldə olunması mümkün deyil. Ona görə Türkiyənin bu addımı atacağına inanmıram", - millət vəkili vurğulayıb.

"Türkiyənin Ermənistanla sərhədləri açacağı ilə bağlı xəbərlərin artıq həm Azərbaycan cəmiyyətində, həm də dövlətlərarası münasibətlərdə müəyyən soyuqluq yaratdığı hiss olunur", - çərşənbə axşamı Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Onun fikrincə, Azərbaycan hakimiyyətində və cəmiyyətdə Qarabağ məsələsinin sonrakı taleyi ilə bağlı narahatlıq başa düşüləndir. "Bizi narahat edən əsas məsələ isə Türkiyənin heç bir qeyd-şərtsiz Ermənistanla sərhədləri açması ehtimalıdır. Mənə elə gəlir ki, Türkiyə tərəfi də Azərbaycanını bu narahatlığını təbii qəbul etməlidir", - millət vəkili deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti