...

NATO-dan qorunmaq – Trend News-un icmalçısı

Siyasət Materials 23 Aprel 2009 17:39 (UTC +04:00)

Polad Həmidov, Trend -un icmalçısı

Rusiya bütün vasitələrlə keçmiş SSRİ ölkələrini NATO-dan qorumağa çalışır. Ötən illərin analoji səylərindən fərqli olaraq hazırda səylər öz bəhrəsini verir. Qazaxıstan, Estoniya və Latviya alyansın iyunda Gürcüstanda keçiriləcək təlimlərində iştirak etməkdən imtina ediblər. Tallin qərarını əsaslandırmasa da Riqa "vəziyyət o dərəcədə deyil ki, təlimlərə əlavə hərbçi göndərilsin" dəlilini irəli sürüb.

NATO-nun himayəsi altında keçirilən Cooperative Longbow 09/Cooperative Lancer 09 təlimləri mayın 6-dan iyunun 1-dək Gürcüstanda keçiriləcək. Təlimlərdə alyansa üzv olan və tərəfdaş olan 19 ölkədən 1,3 min hərbçi iştirak edəcək. Təlimlər hərbi-qərargah xarakterli olduğundan silah və hərbi texnikadan istifadə olunmayacaq.

Moskvanın buna münasibəti çox sərt oldu. Rusiya Prezidenti Dmitri Medvedyev keçiriləcək təlimərə mənfi münasibət bildirərək RF-NATO əlaqələrində təlimləri mürəkkəbləşdirici amil adlandırdı. Rusiyanın Şimali Atlantika bloku yanında daimi nümayəndəsi Dmitri Roqozin bildirib ki, alyans Gürcüstanda planlaşdırdığı təlimləri təxirə salmasa, Moskva NATO-Rusiya Baş qərargah rəislərinin görüşündə iştirak etməyəcək.

MDB ölkələri Müdafiə Nazirləri Şurasının (MNŞ) katibi general-leytenant Aleksandr Sinayski Gürcüstanda NATO himayəsi altında keçiriləcək təlimləri Şimali Atlantika bloku tərəfindən edilən "siyasi demarş" alandırıb.   

Geosiyasi məqsədlər və imperiya ambisiyaları

Rusiyanın sözügedən vəziyyətdə geosiyasi məqsədləri iki amillə şərtləndirilib: Genişlənən və inkişaf edən Avropa İttifaqı mənzərəsində dövlətçiliyin qorunması və imperiya ambisiyaları. Çünki Avropanın vahidliyinin möhkəmlənməsi Rusiyadan ötrü potensial təhlükədir. Əvvəllər inteqrasiya olunmuş Avropa anlayışı yalnız beyinlərdə və kağız üzərində idisə, hazırda bu nəinki Rusiya dövləti, hətta ABŞ ambisiyaları üçün təhlükəli amildir.

Rusiya ambisiyalarının raellaşdırılması üçün dünya maliyyə böhranı münbit şərait yaradır. Maliyyə problemlərinə başı qarışan ABŞ öz qitəsinə çəkildiyi halda Rusiya ilk növbədə postsovet məkanında strateji mövqelərini bərpa edir.

ABŞ mövqelərini əldən verir

Sual yaranır: ABŞ niyə belə asanlıqla Mərkəzi Asiyanı tərk etməyə razılaşır, xüsusən Qırğızıstandakı "Manas" aviabazasının bağlanılması məsələsində müqavimət göstərmir? Rusiya isə öz növbəsində regionda hərbi bazasını gücləndirir. KTMT Baş katibi Nikolay Bordyujanın sözlərinə əsasən, bir müddət öncə Rusiya HHQ Baş komandanı "Kant" (Qırğızıstan) aviabazasında döyüş təyyarələrinin sayının artırılacağını bildirib. Bordyuja qeyd edib ki, aviabaza KTMT əməliyyatlarının hava mühafizəsi üçün nəzərdə tutulub.

Nə üçün Rusiya Şimali və Cənubi Koreya ilə diplomatik əlaqə qurmaq istəyir? Moskva və Pxenyan ikitərəfli əlaqələrinin inkişafında məqsəd nədir?

Lakin ABŞ bununla bağlı çox da narahat deyil. Səbəb ondadır ki, Rusiyanın möhkəmlənməsi və inkişafı ABŞ üçün yox, Aİ üçün təhlükədir. "Manas"dan da ABŞ deyil, NATO çəkilir. Əvvəllər NATO ABŞ-dan idarə olunurdusa, hazırda hərbi blok Avropa İttifaqı-Rusiya qarşıdurmasına xidmət edir.  

Elə bu səbəbdən Fransa Prezidenti Nikolya Sarkozi ölkəsinin NATO-nun hərbi komandanlıq strukturuna qayıtdığını bildirib. İndi Çexiya və Polşa ABŞ-ın onların ərazisində RƏM sistemlərinin quraşdırılmasından imtina edəcəyindən ehtiyat edirlər. Polşa və Çexiya, RƏM sistemlərinin öz ərazilərində quraşdırılmasını lazım olan məqamda NATO-nun müttəfiqlərinə edəcəyi yardımdan savayı, Amerika tərəfinin edəcəyi əlavə müdafiə təminatı kimi dəyərləndirirlər.

Beləliklə, ABŞ Avropanı Rusiya ilə təklikdə qoyaraq Mərkəzi Asiya və Qafqazda mövqelərini əldən verir. Çünki güclənən və daha da inkişaf edən Avropanı yalnız bu yolla dayandırmaq olar. Düzü, sözügedən region ölkələrinin NATO-ya inteqrasiyası ABŞ-dansa Avropaya daha çox lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti