...

Azərbaycanın xarici işlər naziri İKT XİN rəhbərlərinin iclasında iştirak edəcək

Siyasət Materials 21 May 2009 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , C.Babayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 23-25-də Dəməşqdə keçiriləcək İslam Konfransı Təşkilatının (İKT) XİN rəhbərlərinin iclasında iştirak edəcək. Bu barədə cümə axşamı Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a məlumat verib. 

İKT-nin Baş katibi Ekmeleddin İhsanoğlunun rəhbərliyi altında keçiriləcək XİN rəhbərlərinin 36-cı iclasında Yaxın Şərq problemləri, Ərəb-İsrail münaqişəsi, eləcə də Əfqanıstan və Pakistanda mövcud olan münaqişələr müzakirə ediləcək.

İslam Konfransı Təşkilatı islam ölkələrinin beynəlxalq təşkilatıdır. İKT 1969-cu il sentyabrın 25-də Rabatda müsəlman ölkələrinin dövlət başçılarının konfransında sosial, iqtisadi və siyasət sahələrində, müstəmləkəçilik, neomüstəmləkəçilik və irqçiliyə qarşı həmrəylik, eləcə də Fələstin Azadlıq Təşkilatına dəstək məqsədi ilə yaradılıb. Təşkilatda Bosniya və Hersoqovina, Mərkəzi Afrika Respublikası, Rusiya Federasiyası, Filippin Milli Azadlıq Hərəkatı və Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən bir sıra təşkilatlar müşahidəçi statusuna malikdir. Hazırda İKT ümumi əhalisi 1,2 milyard olan 57 ölkəni birləşdirir.

Azərbaycan 1992-ci ildə təşkilata üzv olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti