Azərbaycan, Bakı, 29 may / Trend , müxbir D.Xatınoğlu /
Trend News-un Fars redaksiyasının Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi, general Zahir Əzimi ilə eksklüziv müsahibəsi
- Pakistan son bir ayda ölkənin şimalında və Əfqanıstan sərhədlərində yerləşən taliblərə qarşı hərbi əməliyyatlara başlayıb. Rəsmi Kabilin bu məsələ ilə bağlı mövqeyi və qonşu ölkəyə dəstəyi nədən ibarətdir?
- Biz Pakistanın taliblərə qarşı ağır hərbi əməliyyatlar aparmasını tamamilə dəstəkləyirik və rəsmi İslamabadın bu addımı bizim marağımızdadır. Xüsusuilə də Pakistan ordusunun Cənubi Vəziristan əyalətində əməliyyatlar keçirməsi xəbəri bizi çox sevindirdi, bu, regionun təhlükəsizliyi üçün böyük bir addımdır. Ümid edirik ki, belə bir əməliyyat Şimalı Vəziristan əyalətində də həyata keçiriləcək.
Biz Pakistana dəstək verməyə hazır olduğumuzu da elan etmişik. İnformasiya mübadiləsi, təhlükəsizliklə bağlı məlumatlar, Pakistanla sərhədlərimizə nəzarətin gücləndirilməsini Pakistandan əsirgəməyəcəyimizi bildiririk. Onu da əlavə edim ki, biz öz sərhədlərimizdə, Pakistan ordusu ilə eyni zamanda taliblərə qarşı hərbi əməliyyatlarımızı genişləndirməyə hazırıq. Ancaq bu o demək deyil ki, Pakistana hərbi qüvvə göndərmək, silah yardımı etmək, yaxud onların suverenliyini pozan hansısa bir addım atmaq niyyətimiz var.
- Hazırda Əfqanıstanda taliblərə qarşı bəzi əməliyyatlar həyata keçirlir, məsələn, keçən həftə ərzində Badğis əyalətində xüsusi hərbi əməliyyatlar həyata keçirildi. Hazırda hərbi əməliyyatların genişləndirilməsinin xüsusi səbəbi varmı?
- Yalnız Badğisdə deyil, digər əyalətlərdə də hərbi əməliyyatlarımızı genişləndirmişik. Bunun səbəbi isə prezident seçkiləri ərəfəsində ölkədə təhlükəsizliyi daha da gücləndirməkdir. Keçən həftə ərzində dörd böyük hərbi əməliyyat həyata keçirmişik. Helmənd, Loğər, Pektiya və Qəzni əyalətlərində taliblərə qarşı hərbi əməliyyat həyata keçirildi və hər əyalətdə 30-80 talib məhv edildi, külli miqdarda silah müsadirə olundu. Badğisin şimalında da əməliyyatları davam etdiririk. Lakin bu əməliyyatlar o demək deyil ki, əyalətlərimizdə Talibanı tamamilə məhv etmişik. Taliblərin sabit qərargahı yoxdur və hər zaman güclənə bilərlər.
- Keçən həftə, Tehranda İran-Pakistan-Əfqanıstan arasında üçtərəfli görüş keçirildi. Təhlükəsizlik məsələsi ilə bağlı ölkə prezidentlərinin görüşünün nəticəsini necə dəyərləndirirsiniz?
- Bunu nəzərə almaq lazımdır ki, narkotik maddələrin dövriyyəsi, insan alveri, terrorizm və bu kimi problemlər sərhədsizdir, yəni yalnız bizim deyil, həm də qonşu ölkələrin problemidir. Bu problemlərin həlli üçün region ölkələrinin əməkdaşlığı labüddur. Görüşdə bu məsələlər müzakirə edildi və əməkdaşlığımızın genişləndirilməsi üzrə razılıq əldə olundu.
- Hazırda əfqan ordusunun vəziyyəti necədir və milli ordunun gücləndirilməsi ilə bağlı hansı addımlar atılır?
- Hazırda milli ordunun ölkənin təhlükəsizliyini qorumaq üçün tam hazırlığı yoxdur, əslində bu barədə danışmaq hələ tezdir. Müstəqil əməliyyatlar keçirməkdə də problemimiz var, məsələn ağır silahlara malik deyilik, hava qüvvələrimiz hələ də yaxşı təşkil olunmayıb və s. Lakin hərbi sahədə müəyyən irəliləyişlər də olub. Keçən il hərbi əməliyyatların 60 faizinə milli ordu rəhbərlik edib. Keçən həftə həcmi 120 ton olan dünyanın ən böyük narkotik yükü həmin milli ordu vasitəsilə Əfqanıstanda tutuldu və məhv olundu. Bu əməliyyatlarda 80 qaçaqmalçı həlak oldu. Keçən həftə Logərdə 14, Rəktiyada 33, Qəznidə 30-dan artıq talib milli ordunun hərbi əməliyyatları nəticəsində məhv oldu.
- Hazırda əfqan milli ordusunun sayı nə qədərdir və ölkənin təhlükəsizliyinin xarici qüvvələrin müdaxiləsi olmadan təmin olunması üçün milli hərbi qüvvələrin sayını nə qədər artırmaq lazımdır?
- Hazırda orduda 90 mindən artıq hərbçi var. Planımız var ki, 2011-ci ilədək ordunun sayını 134 min nəfərə çatdıraq və proqnozumuz budur ki, Əfqanıstanın öz təhlükəsizliyini təmin etmək üçün minimum 150 min hərbçiyə ehtiyacı var. Bu istiqamətdə müəyyən planlar və proqramlar həyata keçiririk.