...

Azərbaycan Xalq Cəbhəsi Hərəkatı bərpa edilə bilərmi – SORĞU

Siyasət Materials 19 İyun 2009 09:32 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Hərəkatı bərpa edilə bilərmi – SORĞU

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyalarının liderləri və politoloqlar Azərbaycan Xalq Cəbhəsi Hərəkatının bərpa olunmasını və bütün siyasi qüvvələrin vahid təşkilatda birləşməsi təklifini birmənalı qarşılamırlar.

"Azərbaycan Xalq Cəbhəsi bir hərəkat idi, indi isə ayrı-ayrı partiyalar mövcuddur, ona görə onların vahid təşkilatda birləşməsi mümkün deyil", - cümə axşamı Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər cümə axşamı qeyri-hökumət təşkilatları ilə bağlı keçirilən toplantıda təklif edib ki, ölkədə yaranmış mövcud situasiyadan ən optimal çıxış yolu Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi və hamının vahid təşkilatda birləşməsidir.

Məmmədovun sözlərinə görə, Müsavat başqanının birlik təşəbbüsü adi bir söz xatirinə irəli sürülən təşəbbüsdür.

"Qəmbər bir müddət sonra deyəcək ki, mən birlik tərəfdarı olsam da, digərləri bunu istəmədilər", - partiya lideri əlavə edib.

"Birliyə zərurət olsa da, təəssüf ki, 1988-ci ildən sonrakı dövrdə bütün hərəkat fəallarının birliyə olan inamı tamamilə yox olub", - cümə axşamı Trend -a politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə, vaxtilə bir yerdə olan insanları yenidən bir təşkilata cəlb etmək çətindir. "İndi hətta bu birlik baş tutsa belə onun səmimi olacağına inanmıram. Cünki xalq hərəkatı zamanı o qədər mənfi proseslər baş verdi ki, indi hamı bir-birindən küsüb və hamı bir-birini günahkar sayır. Belə şəraitdə hər hansı hərəkatın yaranması üçün amalların birliyi lazımdır", - Əlizadə vurğulayıb.

Politoloq deyib ki, birliyə obyektiv zərurət olsa da, bunu yalnız yeni qüvvələr yarada bilərlər.

"Bu təklif ölkədə gedən indiki proseslərə adekvat reaksiya deyil. Biz uzun illərdən sonra çətinliklərlə çoxpartiyalı sistemin, vətəndaş cəmiyyətinin əsasını qoymuşuq. Bu cəmiyyətin tələbi isə müxtəlif siyasi qüvvələrin mövcud olmasıdır", - cümə axşamı Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Onun fikrincə, yenidən birləşməkdənsə, mövcud institutların fəallaşmasına çalışmaq lazımdır. "Hamının yenidən hansısa hərəkat ətrafında birləşməsinə olan çağırışları düzgün hesab etmirəm", - ADP sədri qeyd edib.

"Bu, Azərbaycanın müxalif qüvvələri üçün son dövrün ən ciddi təklifidir və bunun ölkənin aparıcı partiyalarından birinin başqanı tərəfindən səsləndirilməsi şübhəsiz ki, çox ciddi bir hadisədir", - cümə axşamı Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib. 

Onun fikrincə, hazırda demokratik böhrandan çıxış yolu kütləvi demokratik hərəkatın yaradılmasıdır. "Amma bərpa olunacaq AXC 1988-ci ildə yaradılan təşkilata bənzəməməlidir. Məncə, yeni hərəkatda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və tanınmış ziyalılar birləşməlidirlər", - Hüseyn deyib.

Trend -un arayışı: 1989-cu il iyulun 16-da qurulan AXC Azərbaycan tarixinə milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat kimi düşüb.  

19 il əvvəl Bakıda yarıgizli konfransda təsis olunan AXC-nin ilk sədri (Əbülfəz Elçibəy) və İdarə Heyəti (Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümbətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Pənah Hüseyn, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə) seçilir.

1989-90, 90-92, 92-93-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olur. 1995-ci ildə AXC siyasi partiyaya çevrilir və AXCP adı alır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]

Xəbər lenti

Xəbər lenti