Azərbaycan, Bakı, 19 iyun / Trend , K.Zərbaliyeva /
Azərbaycanın ali təhsil ocağına aprelin 30-da silahlı basqınla bağlı daha iki nəfər həbs olunub.
Trend -un məlumatına görə, bu barədə cümə günü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilir.
Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.
Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı həbs olunmuş Gürcüstan vətəndaşı Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq), 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq), 32.5,120.2.7 (iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29, 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə), Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Amirova qarşı 228.1-ci və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.
Məlumata görə, cinayəti törətmiş Fərda Qədirovun əvvəllər Rusiya Federasiyası və Gürcüstanda yaşaması, həmçinin Ukrayna və Belarusa gedib-gəlməsi ilə bağlı əlaqələrinin müəyyən edilməsi, iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədi ilə istintaq-əməliyyat qrupunun üzvləri həmin ölkələrə ezam olunublar.
Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının yaxından köməyi ilə aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Qədirov Podolsk şəhərinə 2004-cü ilin əvvəlində gedib və 2006-cı ilin mart ayınadək valideynləri ilə birlikdə qardaşı Şeydanın qaynanası Ayna Tahirbəyovanın mənzilində kirayədə yaşamaqla "Qrast-info" firmasında işləyib.
Bundan sonra o, Marneuli rayonunun Daştəpə kəndinə gəlmiş və oradan Podolsk şəhərində yaşayan valideynlərinin yanına qayıdaraq 2006-cı ilin dekabr ayınadək onlarla birlikdə yaşayıb.
Həmin tarixdən 2008-ci ilin mart ayınadək bacısı Yeganənin, əmisi qızı Gülyanağın və onun qardaşının yaşadığı Stavropol diyarı, Nevinnomıssk rayonunun Barsukovskaya qəsəbəsində qalaraq yenidən Podolsk şəhərinə qayıdıb. Orada Azərbaycan vətəndaşının saxta pasportunu əldə edərək "Abilena" firmasında işə düzəlib. Az müddət sonra firmanın rəhbərliyini xəbərdar etmədən işdən çıxıb, işlədiyi günlərin əmək haqqını ödəməyəcəkləri təqdirdə isə müəssisənin rəhbərliyinə hədə-qorxu gəlib.
İstintaqla Qədirovun 2008-ci ilin aprel ayından Podolsk şəhərində fəaliyyət göstərən, baş direktoru və sex rəisi keçmiş Bakı şəhər sakinləri Koçarov Aleksandr Robertoviç və Mkrtumyan Eduard Qraçikoviç olan, onlaradan başqa daha 28 nəfər erməninin işlədiyi zavodun parket sexində fəaliyyət göstərməsi müəyyən edilib.
Şirkətin rəhbərləri Qədirovun qeyd edilən müəssisədə işlədiyini inkar etsələr də, Rusiya Federasiyası hüquq mühafizə orqanlarının bilavasitə yaxından köməyi və istintaqla əldə edilmiş təkzibolunmaz dəlillər, o cümlədən Qədirovun müəssisənin ərazisinə keçməsi barədə buraxılış vərəqələri, digər sənədlər və şahid ifadələri ilə onun 2008-ci ilin aprel-avqust aylarında həmin müəssisədə işləməsi sübuta yetirilib.
Qədirovun valideynlərinin yaşadığı Podolsk şəhərindəki evdə aparılmış axtarış zamanı onun adına yazılmış və Ukraynaya gedib-gəlməsi barədə ştamp vurulmuş Azərbaycan Respublikasının saxta ümumvətəndaş pasportu aşkar edilərək götürülüb.
Araşdırmalarla həmin pasportun hazırda Rusiyanın Bryansk şəhərində yaşayan, Zərdab rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Ceyhun Şirinovun adına verildiyi müəyyən edilib və o, istintaqa cəlb olunub.
Şirinov ifadəsində pasportun istifadə müddətinin 27.11.2007-ci ildə bitməsi ilə əlaqədar Moskva şəhərində Rəşid adlı şəxsə verdiyini və onun vasitəsilə 8 min rubla yeni pasport aldığını bildirib. Bu faktla əlaqədar aidiyyəti nazirliklərdə araşdırmalar aparılır.
İstintaq araşdırmaları ilə o da müəyyən edilib ki, Qədirov Stavropol diyarının Koçubeyski rayonunun Barsukovskaya qəsəbəsində bacısı Yeqanənin evində yaşadığı müddətdə orada taksi sürücüsü işləyən milliyətcə rus olan qəsəbə sakininə Moskva şəhərində zavodda işlədiyi zaman, ermənilərlə azərbaycanlılar arasında münaqişənin olmasına baxmayaraq, ermənilərlə yaxın münasibət və ünsiyyət saxladığını, azərbaycanlıların ona pul vermədikləri halda, erməni dostlarının borc verdiklərini minnətdarlıq hissi ilə danışıb.
Qədirovun "Makarov" tipli tapançanı və bu silahın patronlarını Gürcüstanın qanunlarına görə ancaq saxlamaq huququ olduğu halda, o, həmin silahı qanunsuz olaraq üstündə gəzdirib, 2008-ci ilin payızında isə Marneuli şəhərində yerləşən fotoatelyeyə gələrək birinci dəfə qara eynəkdə əlində tapança tutmuş vəziyyətdə özünün seçdiyi payız fonunda, ikinci dəfə isə eyni formada ağ fonda cəmi dörd fotoşəkil çəkdirərək onları sevdiyi qıza göndərmək istəyib.
Qədirovun "Makarov" tapançasını və patronları alması faktı üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə orada müəyyən edilmişdir ki, milliyətcə erməni olan Gürcüstan vətəndaşı Sergey Qriqoryan əvvəlcədən razılaşdıqları kimi silah və patronları almaq, lazım olan sənədləri əldə etmək üçün 2008-ci ilin oktyabr-noyabr aylarında Fərda Qədirovla dörd dəfə zəngləşərək görüşüb.
O, sonuncunu Tbilisi şəhərində yerləşən "Kula ARMS Corciya" Məhdud Məsuliyyətli Cəmiyyətə, patrul polisi məntəqəsinə, tibbi arayış almaq üçün "İntermedi" tibb mərkəzinə aparmaqla zəruri sənədlər toplayıb.
Qədirovun Bakı şəhərinə gəlməsinin səbəbləri araşdırılarkən onun həmkəndlisi və cinayəti törətməkdə köməkçisi qismində iştirak etmiş Nadir Əliyevə gəlişinin məqsədinin "seyid Qasım" kimi tanınan həmyerlisi Qasım Əsgərovu öldürmək olmasını bildirdiyi müəyyən edilib.
Aparılmış araşdırmalarla məlum olub ki, 2004-cü ilin yay aylarında Marneuli rayonunun Daştəpə kəndində yaşadıqları vaxt Qədirovla həmkəndlisi Qasım Əsgərov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib və Fərda Qədirov onu vurub yıxıb. Bir müddət sonra Qədirov valideynləri ilə birlikdə Rusiyaya gedib, Əsgərov isə 2006-ci ilin oktyabr ayında oğurluq etdiyinə görə məhkum olunub.
2008-ci ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən azad edidikdən sonra ailəsi ilə birlikdə işləmək üçün Bakı şəhərinə gəlib və Qaraçuxur qəsəbəsində kirayə tutduqları mənzildə yaşayıb. Bakıda Qədirov öz həmyerliləri vasitəsilə Əsgərovun yaşadığı ünvanı öyrənib və planını həyata keçirmək məqsədi ilə 2009-cu il mart ayının axırlarında Qaraçuxur qəsəbəsinə gəlib.
Qədirov Əsgərovun oğlunun toy mərasiminin harada və nə vaxt keçiriləcəyini hər vasitə ilə Nadir Əliyevdən öyrənmək istəsə də buna nail olmadığından, nəticədə planlaşdırdığı cinayəti həyata keçirə bilməyib.
Davam etdirilən istintaq hərəkətləri ilə 2009-cu il martın 12-də Qədirovun tapança və patronları götürərək Marneuli-Bakı avtobusunun sürücü köməkçisi Ariz Qabulova müraciət etməsi, sonuncunun onu Bakı şəhərinə aparacağını və mənzil ilə təmin edəcəyini vəd etməsi dəqiqləşdirilib. Sərhəddə digər sərnişinlərlə bərabər Qədirov da piyadalar üçün nəzərdə tutulmuş nəzarət məntəqəsinə daxil olaraq yoxlamadan keçib. Həmin vaxt yanındakı şəxsə ailənin yeganə uşağı olduğunu bildirərək, özünü Ramin adı ilə təqdim edib.
Bakıya çatdıqda Qabulovla birlikdə onun qardaşının adına olan mənzilə gələrək kirayənişin qismində yaşayıb.Cinayətin törədilməsi ərəfəsində, yəni 2009-cu il aprelin 27-28-də Qabulov Fərda ilə görüşüb və iki gün onunla həmin mənzildə qalıb.
Cinayətdə Qədirovun köməkçisi qismində iştirak etmiş həmkəndlisi Nadir Əliyev istintaqa verdiyi ifadəsində Bakı şəhərində olduğu müddətdə iki dəfə Fərdanın yaşadığı mənzilə getdiyini, orada qaldığı vaxt sonuncunun ona tapançanı və dolu patrondaşları göstərdiyini, öz planları haqqında danışdığını bildirib. Həmçinin silahdan istifadəni öyrənmək üçün Gürcüstanda yaşadığı evdə məşq etdiyi zaman Nəcəf Süleymanovun da yanında olduğunu, silahın Azərbaycana gətirilməsində isə Qabulovun kömək göstərdiyini deyib.
Bu istiqamətdə aparılan istintaq araşdırmaları ilə məlum olub ki, Bakıya gəldikdən sonra Qədirov 2009-cu il martın 31-də Nəcəf Süleymanovla telefon əlaqəsi saxlayıb, lakin sonuncu onunla ünsiyyətdən yayınmaq üçün başqa nömrəli telefondan istifadə edərək Fərda Qədirovun 50-dən artıq zənginə cavab verməyib.
Qabulov əvvəlcədən hazırlaşmaqla Qədirova məxsus "Makarov" tapançası və patronları gömrük nəzarətindən gizli şəkildə keçirməklə qaçaqmalçılıq cinayəti törətdiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlama və daşıma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qədirovun Marneuli rayonunun Daştəpə kəndində qonşusu olmuş və Bakı şəhərində daim əlaqə saxladığı Nəcəf Süleymanov, onun əldə etdiyi silah və patronları özü ilə Bakı şəhərinə gətirdiyini və ağır cinayət törədəcəyini bildiyi halda, bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyinə görə Cinayət Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qədirov spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi sürüb, yaxın qohumları, qonşuları və tanışları ilə ünsiyyətdən yayınaraq özünəqapanmış vəziyyətdə yaşayıb. Qeyri-sağlam, ictimai mənəviyyata zidd həyat tərzi keçirməsinin məntiqi nəticəsi olaraq aparılmış tibbi-tədqiqatlarla meyitindən götürülmüş qanında "sifilis" xəstəliyi aşkar edilib.
İstintaq-əməliyyat tədbirləri ilə Qədirovun dəfələrlə olduğu, Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yerləşən "Eko" barında əxlaqsızlıq yuvasının təşkil edildiyi və barın işçiləri tərəfindən oradakı saunada zöhrəvi xəstəliyə tutulmuş qadınların müəyyən pul müqabilində intim münasibətdə olmalarına şərait yaratmaları müəyyənləşdirilib. Bu fakt üzrə cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əxlaqsız yuvaları saxlama) maddəsi ilə iş ayrılaraq, istintaq aparılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, cinayətdə istifadə edilmiş silahın ölkəyə gətirilməsində iştirak edən başqa şəxslərin, cinayətin məhz Neft Akademiyasında törədilməsi səbəblərinin, Fərda Qədirovun və onunla əlaqəsi olanların Bakıda yaşadığı müddətdə digər cinayətlərdə iştirakının olub-olmamasının, xərclədikləri pulların əldə edilmə mənbələrinin müəyyənləşdirilməsi, habelə Rusiya Federasiyası, Gürcüstan və Ukraynada işin hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.