...

AŞ-də eyni problemə müxtəlif ölkələrdə müxtəlif yanaşma tərzi mövcuddur – Azərbaycan nümayəndə heyətinin başçısı

Siyasət Materials 24 İyun 2009 20:26 (UTC +04:00)
AŞ-də eyni problemə müxtəlif ölkələrdə müxtəlif yanaşma tərzi mövcuddur – Azərbaycan nümayəndə heyətinin başçısı

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli /

AŞ-də eyni problemə müxtəlif ölkələrdə müxtəlif yanaşma tərzi mövcuddur. Bu barədə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində çərşənbə günü "Avropada insan hüquqlarının vəziyyəti və AŞ PA-nın monitorinq prosedurunun inkişafı" adlı məruzəyə dair çıxışında deyib.

Millət vəkili bildirib ki, bu məruzə hazırda bizim insan haqları sahəsində hansı mərhələdə olduğumuzu və bundan sonra hansı istiqamətdə hərəkət etməyimizi əks etdirir. "Düşünürəm ki, Monitorinq Komitəsinin işinə xüsusi diqqət yetirməliyik. Eyni problemə müxtəlif ölkələrdə müxtəlif yanaşma tərzinin şahidi oluruq. AŞ-yə üzv olan ölkələr fundamental dəyərlər, demokratiya sahələrində çətinliklərlə üzləşirlər, ancaq Azərbaycan yeganə ölkədir ki, buradakı problemlər fərqli yanaşma tərzi göstərilməklə və məruzəçi təyin edilməklə daha xüsusi şəkildə araşdırılır. Xüsusilə də siyasi məhbuslar üzrə məruzəçinin təyin olunmasını diqqətə çəkmək istəyirəm", - Seyidov deyib.

Onun sözlərinə görə, elə ölkələr var ki, orada siyasi məhbus sözünü dilə gətirmək olmaz, siyasi məhbus sözü yerinə "azadlıqdan məhrum olunmuş şəxslər" kəlməsini işlədirlər. "Burada qərəzsizliyin olmaması müşahidə olunur. Bu isə görülmüş işlərin legitimliyini şübhə altına alır. Azərbaycana gəldikdə isə bu cür hallara çox məqamlarda rast gəlinir. Bu dəfə də Azərbaycanda QHT-lər haqqında qanuna edilmiş dəyişikliklərdən danışıldı. Bu edilməyib. Bu belə deyil. Bunlar sadəcə AŞPA-da gəzən şayiələrdir", - Seyidov bildirib.

"Assambleya isə dərhal buna sərt reaksiya verdi. Bu isə Azərbaycanla AŞ PA arasındakı münasibətlərə xələl gətirir. Fikrimcə, önəmli olanı odur ki, demokratiyadan danışanda bütün ifadə olunmuş mövqeləri nəzərə almaq lazımdır. AŞ PA daxilində bütün postlar da rotasiya prinsipinə cavab verməlidir. İstər sədr, istərsə də komissiya sədrləri müəyyən müddətə seçilir, halbuki məruzəçilər üzunmüddətə bu postu tuturlar. Biz bir növ onların girovuna çevrilmişik. Bu məruzəçilər yaxşı əlaqələri olan ölkələrə dair müsbət hesabatlar hazırlayır. Əks halda isə çox tənqidi və tamamilə fərqli yanaşma olan hesabatlarla üzləşirik", - Seyidov bildirib.

Onun sözlərinə görə, üçüncü növbədə geopolitik reallıqlar nəzərə alınmalıdır, o cümlədən Qafqazın geopolitik reallıqları. "Biz üzv ölkələrdən demokratiya, insan haqlarına riayət olunmasını tələb edirik, halbuki biz Təşkilatın Baş Katibini seçmək üçün belə bu dəyərləri özümüz tətbiq edə bilmirik", - Seyidov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti