...

Elnur Aslanov: Bugünkü geosiyasət geoiqtisadiyyatdır

Siyasət Materials 3 İyul 2009 11:36 (UTC +04:00)
Elnur Aslanov: Bugünkü geosiyasət geoiqtisadiyyatdır

Azərbaycan, Bakı, 03 iyul / Trend /

 

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi analiz və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanovun RİA Novosti-nin müxbiri Gəray Dadaşova müsahibəsi

- Rusiya Prezidenti Dmitri Medvedevin iyunun 29-da baş tutmuş Azərbaycan səfərinin yekunlarını necə qiymətləndirirsiniz?

- Səfər qısamüddətli və müsbət xarakter daşıdı. Yetərincə geniş məsələlər müzakirə edildi və xüsusilə də müzakirələrin yekununa əsasən qaz sahəsində əməkdaşlıq başlayacaq. Rusiya və Azərbaycan prezidentlərinin qeyd etdiyi kimi, neft sahəsində ölkələrimizin qarşılıqlı fəaliyyəti artıq mövcuddur, indi isə bu fəaliyyəti qaz sahəsində də inkişaf etdirəcəyik. Bunu nəzər alaraq, təbii ki, ticarət dövriyyəsi artacaq, iki dövlətin münasibətlərinin iqtisadi əsası təkmilləşəcək. Bunlar bütünlüklə müsbət faktorlardır.

Prezident Medvedevin səfərinin gedişində, həmçinin bir sıra sənədlər imzalanıb ki, onlar da xüsusilə diplomatik sahəni və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərini əhatə edir.

Bu, bizə 2008-ci ildə imzalanmış dostluq və strateji tərəfdaşlıq haqda müqaviləyə malik, iki bərabərhüquqlu tərəfdaş dövlətlər arasındakı münasibətlərdə irəliyə doğru nəzərəçarpacaq addım atmağa imkan verir. Bu səfər həmin müqavilənin məntiqi nəticəsidir. 

- Sizcə, bu səfərin gedişində əldə edilmiş razılaşmalar regional siyasətin prioritetlərinə təsir edə bilərmi?

- Azərbaycan bu gün Cənubi Qafqaz regionunda həm iqtisadi, həm də ümumilikdə region ölkələri və qlobal dünya ilə siyasi qarşılıqlı fəaliyyət məsələləri baxımından birmənalı şəkildə liderdir.

Sirr deyil ki, Azərbaycanın yalnız karbohidrogen ehtiyatları deyil, həm də balanslaşdırılmış siyasəti ölkənin Cənubi Qafqazda bir çox maraqların əlaqələndiricisi kimi çıxış etdiyini demək imkanı verir. Və təbii ki, bir çox dövlətlər başa düşür ki, Azərbaycanla qarşılıqlı fəaliyyət göstərərkən və tam bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlər qurarkən, Cənubi Qafqaz regionu ilə kompleks şəkildə qarşılıqlı fəaliyyətdən danışmaq olar.

Mən Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyətinin regiondakı güclərin balansını dəyişə biləcəyini söyləmək istəməzdim. Prinsipcə, prezidentlər Medvedev və Əliyev bildiriblər ki, burada siyasi spekulyasiyalara yer olmamalıdır.

Bu gün geosiyasət əhəmiyyətli dərəcədə geoiqtisadyyatdır və əsasən hər bir ölkənin milli maraqları ilə müəyyən olunmuş iqtisadi maraqlar bu və ya digər dövlətin hansı mövqedən çıxış edəcəyini müəyyənləşdirir.

Azərbaycan da bu və ya digər qərarı qəbul edərkən yalnız öz milli maraqları, bu və ya digər təkliflərin iqtisadi əsasının anlayışı və rentabelliyindən çıxış edir.

Rusiya və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq məsələsində təbii ki, yalnız fəallaşdırılması və realizə edilməsi gözlənilən mövcud layihələrin, yolların olması, tranzit-ölkələrlə danışıqlar zamanı yaranan çətinliklərin olmaması, qurulmuş marşrut və əlaqələrin olmasından çıxış edirlər.

- Hər halda qaz məsələlərində siyasi komponent çox dəqiq sezilir. Bu mənada Azərbaycan qazının Rusiyaya tədarükü haqqında müqavilə Azərbaycanın Qərblə münasibətlərində hər hansı çətinliklərə gətirib çıxara bilərmi?

- Düşünmürəm. Çünki bu və ya digər tərəfləri maraqlandıracaq bir sıra məsələlər hələ də lazımı həllini tapmayıb. Bəzi məsələlər hələ də gündəlikdədir. Onlar müzakirə edilir və təəssüf ki, uzun müddət ərzində sona qədər və tam şəkildə realizə edilə bilməz. Ancaq hər bir ölkə öz milli strategiyasından çıxış etməlidir. Bu gün qlobal maliyyə böhranı şəraitində "kimsə necəsə kimisə dilə tutacaq və müvafiq qərarı qəbul edəcək" kimi şeyləri gözləmək dövlətlərin maraqlarına cavab vermir.

Təkrar edim ki, bugünkü geosiyasət geoiqtisadiyyatdır. İqtisadi reallıqlardan çıxış etmək, bu və ya digər məsələlərdə mobil siyasət nümayiş etdirmək lazımdır. Tez, fəal və günün reallıqlarını anlamaqla fəaliyyət göstərən qalib gəlir.

- Sizin sözlərinizi belə başa düşmək olarmı ki, ən yaxşısı hipotetik variantlardan deyil, artıq mövcud əlaqələrdən çıxış etməkdir?

- Söhbət hipotetik variantlarda deyil. Biz mobil və fəal siyasətdə həyata keçirilə biləcək variantlar haqqında danışırıq.

Məsələ iqtisadi prioritetlərin və rentabelliyin başa düşülməsindən çıxış etməyin vacibliyindədir. Layihə, müzakirə və realizə oluna biləcək məsələ varsa və o bu gün gündəlikdə və masa üzərindədirsə, niyə də onu realizə etməyib, hansısa digər layihəni realizə etmək üçün bir neçə il gözləyəsən?

Bu və ya digər layihə bu gün realizə olunmalıdırsa, o, artıq bu gün müzakirə edilməlidir. Bunu, sonra onun qəbulunu uzadacağıqsa, başqa yol axtarsaq yaxşıdı. Xüsusilə də Prezident İlham Əliyevin qeyd etdiyi enerji daşıyıcılarının diversifikasiyası yolu.

- Belə bir fikir səslənir ki, Azərbaycan Rusiya ilə sıx əməkdaşlığı inkişaf etdirərək, özünün Qərblə əlaqələrinin çevik quruluşunu məhdudlaşdırır. Siz bunu necə şərh edərdiniz?

- Bununla tamamilə razı deyiləm. Azərbaycan Prezidentinin Rusiyaya, yaxud əksinə və ya Avropa ölkələrinə səfərinin "Azərbaycanın öz siyasətini ya qərbə, ya şimala ya da başqa istiqamətə çevirməsi" mövqeyindən qiymətləndirilməsinə tamamilə qarşı çıxıram.

Azərbaycanın özünün çoxvektorluluğu ilə müəyyən edilmiş və dünya cəmiyyətinin bütün ölkələri ilə bərabərhüquqlu qarşılıqlı münasibətlərə yönəlmiş xarici siyasəti var. Ölkə qarşılıqlı münasibətlərin belə vektorunun tərəfdarı kimi çıxış edir və bu da siyasi və iqtisadi rentabellik haqqında danışmaq imkanı verir.

Azərbaycan çoxvektorlu siyasətini öz milli maraqlarına uyğun olaraq qurur. Təbii ki, biz başa düşürük ki, bu bəzi suallar doğurur, amma onlar əsassızdır. Ona görə ki, bizim bütün xarici siyasətimiz artıq bir neçə il deyil, on ildən çoxdur ki, bu aspektlər üzərində qurulur. Prezident Heydər Əliyevin dövründə də belə idi, indi də belədir.

Bizim İslam Konfransı Təşkilatı ilə sıx münasibətlərimiz var, ancaq bu o demək deyil ki, Azərbaycan hədəflərini yalnız İslam dünyasına tərəf çevirir. Aİ ilə sıx münasibətlərimiz var və Aİ-nin "Şərqi tərəfdaşlıq" proqramını realizə edirik, ancaq bu da bizim yalnız Avropaya istiqamət götürməyimiz demək deyil. Bəli, biz Avropa məkanına inteqrasiya mövqeyindən çıxış edirik, Avropa hərbi-siyasi və iqtisadi institutlarda fəalıq, ancaq bununla yanaşı, biz Rusiya Federasiyası ilə çox sıx tarixi və ənənəvi münasibətləri də saxlayırıq.

Bu - Rusiya ilə illərlə yetişən qarşılıqlı münasibətlərimizin qorunması və artırılması - bizim xarici siyasət prioritetlərimizdən biridir.

- Sizcə, Medvedevin səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər?

- Qarabağ məsələsi Azərbaycan Prezidentinin yalnız Rusiya Prezidenti ilə deyil, həm də bütün digər dövlət başçıları və müxtəlif beynəlxalq strukturların rəhbərləri ilə görüşündə birmənalı şəkildə yer alır.

Bu münaqişə təbii ki, beynəlxalq hüquq prinsipləri çərçivəsində həll edilməlidir. Xüsusilə də ərazi bötüvlüyü prinsipindən ki, Azərbaycan bu mövqedən heç vaxt geri çəkilməyib və çəkilməyəcək də. Biz hesab edirik ki, bu gün gündəlikdə olan məsələlər, mövcud dinamika hər halda öz nəticəsini verəcək və Qarabağ münaqişəsi erməni rəhbərliyinin nümayiş etdirməli olduğu konstruktiv mövqe şərti ilə öz həllini tapacaq.

Biz erməni tərəfinin yetərincə irrasional mövqe tutmasından təəssüf edirik. Nəticədə isə münaqişənin həlli sadəcə uzanır. Məncə, erməni tərəfi şüurlu yanaşma və Qarabağ münaqişəsinin həll olunmaması səbəbidən Ermənistanın demək olar ki, qlobal və regional layihələrdən qıraqda qalması anlayışını nümayiş etdirməlidir.

İrəvan bu gün özünü tamamilə təcrid edir, bu və ya digər siyasi və iqtisadi layihələrdə iştirakdan qıraqda qalır. Bu ölkə Cənubi Qafqaz regionunda demək olar ki, təcrid olunub. Ermənistan rəhbərliyi anlamalıdır ki, ölkəni sadə vətəndaşların arzu və istəkləri ilə idarə etmək lazımdır.

- Azərbaycanda daxili siyasi duruma gəlincə, siz onu ölkədə islamçı qüvvələrin fəallaşması kontekstindən necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu məsələnin hazırda heç bir əsası yoxdur. Azərbaycanda hansısa islamçı qüvvələr haqqında danışmaq olmur. Mən sizin Azərbaycana yad mühitdə yetişdirilmiş bəzi qrupların bu və ya digər fikirlərini həyata keçirmək niyyəti ilə bağlı bəzi faktları nəzərdə tutduğunuzu başa düşürəm. Ancaq ümumilikdə islamçı qrupların ölkədə fəallaşması yoxdur.

Əlbəttə, ümumilikdə dünyada dini renessans haqqında danışmaq olar, ancaq bu proses Azərbaycanı mahiyyətcə "kübarlıqdan kənarda qoymur". Və Azərbaycan əsasən müsəlman əhalisinə malik ölkə kimi, "açıq demokratik üzünü" saxlayır.

İslam ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi dindir - bu faktdır. Ancaq eyni zamanda azırbaycanlı müsəlmanlarla çiyin-şiyinə yəhudilər, xristianlar, hətta digər qeyri-ənənəvi din və axınların nümayəndələri çalışır, yaşayır və işləyirlər. Azərbaycan bu gün dünyanın ən tolerant ölkəsi olaraq qalır və bu, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən vurğulanıb.

- Bu yaxınlarda (28-29 iyun) İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfəri baş tutdu. Siz bunu ikitərəfli münasibətlərin inkişafı nöqteyi-nəzərindən necə qiymətləndirirsiniz?

- İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfəri tarixi xarakter daşıyırdı. Bu, Azərbaycan-İsrail münasibətlərinin gələcəyini müəyyən edir.

Üstəlik, mən deyərdim ki, bu səfər həm də İKT-nin üzvü olan ölkə - Azərbaycanla İsrail arasında yeni qarşılıqlı münasibətlərin formalaşdırılması baxımından tarixi xarakter daşıyırdı. Bu, İsrailin siyasətinin Cənubi Qafqazdakı yeni formalaşma səhifəsidir.

Səfər əlamətdar oldu, Azərbaycan-İsrail münasibətlərinin inkişafı baxımından dönüş kimi qeydə alındı və biz ümid edirik ki, ölkələr arasındakı münasibətlər bundan sonra da intensiv inkişaf edəcək, hər iki xalqın maraq və rifahına xidmət edəcək.

Azərbaycanda çox sayda yəhudi, İsraildə isə çox sayda azərbaycanlı yaşayır. Bu, İlham Əliyevin dediyi kimi, böyük lobbidir və biz İsraillə münasibətlərimizin daha səmərəli inkişaf etməsində maraqlıyıq.

- Regional siyasətin Azərbaycan-Türkiyə-İsrail konfiqurasiyasında qurulması mümkündürmü?

- Bu məsələ gündəlikdə yoxdur, buna baxmayaraq, belə suallar həm Azərbaycan, həm Türkiyə, həm də İsrailin ekspert ictimaiyyəti tərəfindən ortaya atılır və diskussiyalar üçün meydançaya çevrilir. Belə formada "üçbucaqlar" təbii ki, maraqlıdır, ancaq dövlət maraqlarının realizəsi kontekstində onlar Bakının illərdir realizə etdiyi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət xarakteri, çoxvektorluluq xarakterinə cavab vermir.

- KİV xəbər verir ki, İsrail Prezidentinin Azərbaycana səfər etməsi səbəbindən Tehran özünün Azərbaycandakı səfirini geri çağırıb. Bu məlumatlar hələ rəsmi təsdiqini tapmasa da, mövzu "köpüklənmək"də davam edir. Bunun arxasında nə durur?

- Mən bu məsələdən KİV-də siyasi spekulyasiyalar üçün mövzu yaratmaq istəmirəm.

Hər bir dövlət onun xarici siyasət prioritetlərindən çıxış edərək öz siyasətini realizə edir. İran bizim qonşumuz, ənənəvi olaraq çox sıx münasibətlər qurduğumuz ölkədir. Ona görə də mən tələsik bəyanatlar vermək istəmirəm. Hesab edirəm ki, bizim bu və ya digər məsələlərin müzakirəsi üçün məkanımız var.

Xəbər lenti

Xəbər lenti