...

Gürcüstan Prezidenti və ABŞ-ın vitse-prezidenti prezident sarayında görüş keçiriblər

Siyasət Materials 23 İyul 2009 15:28 (UTC +04:00)
"Gürcüstan, bütün çətinliklərə rəğmən dönmədən demokratiya istiqamətində hərəkət etməkdə davam edəcək", - bu gün Gürcüstan Prezidenti Mixail Saakaşvili ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə prezident sarayında keçirdiyi görüş zamanı deyib.
Gürcüstan Prezidenti və ABŞ-ın vitse-prezidenti prezident sarayında görüş keçiriblər

Gürcüstan, Tbilisi, 23 iyul / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan, bütün çətinliklərə rəğmən dönmədən demokratiya istiqamətində hərəkət etməkdə davam edəcək", - bu gün Gürcüstan Prezidenti Mixail Saakaşvili ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə prezident sarayında keçirdiyi görüş zamanı deyib.

Görüşü Gürcüstanın İctimai Televiziyası yayımlayıb.

Gürcüstan Prezidenti vurğulayıb ki, ölkədə Rusiyanın təcavüzü səbəbindən çoxlu problemlər var. "Hazırda bizim 500 min qaçqınımız var və Rusiyanın həyata keçirdiyi etnik təmizləməni miqyasına görə, dünyaca məşhur etnik təmizləmə halları ilə müqayisə etmək olar. Ancaq bu, bizim demokratik dövlət quruculuğumuza mane olmayacaq", - o deyib.

Saakaşvili Baydenə ABŞ-ın Gürcüstana göstərdiyi köməyə və onun şəxsi kömək və yardımına görə təşəkkürünü bildirib.

ABŞ-ın vitse-prezidenti bildirib ki, "qızılgül inqilabı" faktiki olaraq bütün dünyanın dəstəyini qazandı. "Mən həmişə vurğulayıram ki, daim sizin yanınızdayam və sizinlə birlikdə güclü ölkə qurmağa hazıram. Biz buraya siyasi, iqtisadi inkişaf haqda danışmağa, demokratiya quruculuğunda yardımçı olmağa gəlmişik. Biz bir-birimizə bağlıyıq və Gürcüstanın inkişafı ABŞ-ın maraqlarına cavab verir", - o deyib.

Bayden ötən il Tbilisidə olarkən Saakaşvili ilə birlikdə mehmanxananın pəncərəsindən paytaxt səmasında uçan Rusiyaya məxsus qırıcıları izlədiyi vaxtı da yada salıb. "Bu, Gürcüstan üçün çətin günlər idi və biz bunun təkrarlanmaması üçün hər şeyi etməliyik", - o bildirib.

Gürcüstan Prezidenti görüşün sonunda qeyd edib ki, "bizə bu görüşü keçirməkdə mane olmağa, ona qarşı çıxmağa çalışırdılar, ancaq mənim qərargahım və sizin əməkdaşlar bu görüşün baş tutması və yüksək səviyyədə keçməsi üçün hər şeyi etdik".

Rəsmi görüş mərasimində ABŞ və Gürcüstanın himnləri canlı ifa olunub. ABŞ-ın himnini Sofiko Nijaradze, Gürcüstanın himnini isə Acarıstan kapellası ifa edib.

Prezident və vitse-prezident fəxri qarovulun qarşısından keçib və bundan sonra Saakaşvili Baydeni Gürcüstan hökumətinin üzvləri ilə tanış edib.

Mərasimdən sonra Saakaşvili və Bayden təkbətək görüş keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti