Noyabrın 9-da geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk "Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat"ı imzalayıblar.
"Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər Çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında Əməkdaşlıq Memorandumu"nu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru Nazim İsmayılov və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər Çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondunun direktoru Qoran Qaçnik imzalayıblar.
"Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzalayıblar.
"Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzalayıblar.