...

Azərbaycanın hakim partiyasına 2009-cu ildə 30 minə yaxın üzv qəbul olunub

Siyasət Materials 29 Yanvar 2010 17:41 (UTC +04:00)
Azərbaycanın hakim partiyasına 2009-cu ildə 30 minə yaxın üzv qəbul olunub. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin 2009-cu ilin yekunlarına dair iclasında bildirilib.
Azərbaycanın hakim partiyasına 2009-cu ildə 30 minə yaxın üzv qəbul olunub

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasına 2009-cu ildə 30 minə yaxın üzv qəbul olunub. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin 2009-cu ilin yekunlarına dair iclasında bildirilib.

"İclasda qeyd olunub ki, YAP ölkənin ictimai-siyasi həyatında, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərinin ən yaxın iştirakçısı olub", - cümə günü Trend -a partiyanın mətbuat xidmətindən bildirilib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

İdarə Heyətinin üzvləri qeyd ediblər ki, YAP ötən ilin ən mühüm siyasi hadisəsi - Azərbaycan Konsititusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun və bələdiyyə seçkilərinin təşviqat, təbliğat kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin edib. "Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin partiyanın IV qurultayında söylədiyi nitqində irəli sürülən tezislərin və qarşıya qoyulan vəzifələrin gələcək fəaliyyətin müəyyənləşdirilməsində həlledici istiqamət olduğu bir daha vurğulanıb", - məlumatda vurğulanır.

İclasda YAP İdarə Heyətinin 2009-cu ildə fəaliyyəti ilə bağlı hesabat, partiyanın ümumi tərkibi, o cümlədən gənclər birliyinin və qadınlar şurasının 1 yanvar 2010-cu ilə olan statistik hesabatı və 2009-cu il üçün maliyyə hesabatı dinlənilərək təsdiq edilib. "Statistik məlumata görə, 2009-cu ildə partiyaya 29 777 nəfər üzv qəbul olunub və 2010-cu il yanvarın 1-nə YAP üzvlərinin ümumi sayı 498 462 nəfərə çatıb. Qeyd olunub ki, partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə daha da artıb və 2009-cu ildə YAP-a üzv qəbul olunanların 49,7 faizini gənc nəslin nümayəndələri təşkil edib. Bütövlükdə, partiya üzvlərinin 39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5 faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil edir", - məlumatda qeyd edilir.

İclasda partiyanın maliyyə hesabatı müzakirə və təsdiq edilib. "Hesabatda bildirilir ki, 2009-cu ildə partiyanın üzvlük haqlarından cəmi mədaxili 2 915 505 manat təşkil edib. Hesabat ilində partiyanın ümumi xərcləri 2 374 176 manat olub ki, bunun da 1 426 587 manatını YAP-ın İcra Katibliyində və şəhər və rayon təşkilatlarında çalışan əməkdaşların əməkhaqqı fondu təşkil edib. 324 107 manat partiya tədbirlərinin maliyyələşməsinə və ezamiyyə xərclərinə, 33 290 manat partiya vəsiqələrinin hazırlanmasına, 190 453 manat inventar və dəftərxana ləvazimatlarının alınmasına, 106 376 manat cari təmir və özəlləşdirmə xərclərinə, 172 089 manat kommunal xərclərə, bank və rabitə xidmətlərinə, 93 995 manat avtomobillərə texniki xidmətə, 12 428 manat həmkarlar ittifaqlarına ödənişə sərf edilib. Digər xərclər 14 851 manat olub. 541 329 manat partiyanın mərkəzi və yerli təşkilatlarının hesabında qalıb", - məlumatda əlavə olunur.

İclasda İdarə Heyətinin 2010-cu il üçün iş planı təsdiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti