Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə bağlı qəbul etdiyi 822 saylı qətnamə indiyədək yerinə yetirilmir. Trend-in məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən iclasında Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib.
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 17 il keçir. Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra - 1993-cü il aprelin 2-də işğal edilib. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə yerinə yetirilməyib.
Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi qətiyyətli siyasəti nəticəsində Kəlbəcər işğaldan azad olunacaq.
"İnanıram ki, bu il Kəlbəcərin işğalının ildönümünü sonuncu dəfə qeyd edirik", - Əsədov deyib.