Azərbaycan, Bakı, 06 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan politoloqu hesab edir ki, Türkiyədən Ermənistana ildə 1 milyard dollara yaxın pul göndərilir.
"Türkiyənin hesabına yaşayan Ermənistanda bunu nəzərə almırlar. Türkiyənin Baş naziri bu ölkədə qeyri-leqal yaşayan ermənilərin geri göndəriləcəyi ilə bağlı xəbərdarlığı etməkdə haqlıdır. Rəsmi Yerevan Türkiyənin gücünü nəzərə almalıdır", - çərşənbə axşamı Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
Əhmədoğlunun sözlərinə görə, hazırda Ermənistana ABŞ-dan və Fransadan vəsait gəlmir.
"Çünki hər iki dövlətdəki erməni diasporunun aparıcı liderləri maliyyə baxımından uğurlu vəziyyətdə deyil. Rusiyadan Ermənistana gələn pul isə sürətlə azalır", - politoloq əlavə edib.
Onun fikrincə, Türkiyədən Ermənistana il ərzində göndərilən pulun miqdarı, təxminən, 1 milyard dollar həcmindədir. "Hazırda Ermənistan Türkiyənin hesabına yaşasa da, ermənilər bunu qətiyyən nəzərə almırlar", - Əhmədoğlu vurğulayıb.
Türkiyədə 170 min erməni yaşayır ki, onun da cəmi 70 000 Türkiyə vətəndaşıdır.