...

Türkmənistan Prezidenti Çinə səfər edəcək

Siyasət Materials 10 Aprel 2010 15:04 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov rəhbər dairələrlə danışıqlar aparmaq üçün Çinə işgüzar səfər edəcək.
Türkmənistan Prezidenti Çinə səfər edəcək

Türkmənistan, Aşqabad, 10 aprel /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov rəhbər dairələrlə danışıqlar aparmaq üçün Çinə işgüzar səfər edəcək. Bu barədə Türkmənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı prezidenti hökumət nümayəndə heyəti, həmçinin mədəniyyət və incəsənət xadimləri, tələbələr müşayiət edəcəklər. Səfər Şanxayda EKSPO-20 Ümumdünya sərgisinin açılması ilə eyni vaxta düşəcək. Sərgi 2010-cu il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək.

Türkmənistan öz ekspozisiyasını bu tədbirə ilk dəfə çıxaracaq.

Ötən ildən Türkmənistan qazının Çin bazarına ixracına başlanılıb. Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin beynəlxalq qaz kəmərinin inşasını Amudəryanın sağ sahilində xammal hasilatı üçün lisenziyası olan Çinin CNPC şirkəti həyata keçirib.

Bundan əlavə, ÇXR Türkmənistanın iri kreditorudur və əldə olunan vəsaitdən neft-qaz sahəsinin inkişafı üçün istifadə edir.

"Türkmənistan öz strateji tərəfdaşlarından biri olan Çin ilə tammiqyaslı qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına xüsusi əhəmiyyət verir. Bu ölkə ilə bir sıra irimiqyaslı milli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib", - Berdiməhəmmədov hökumətin sonuncu müşavirəsində bildirib.

Ümumdünya EKSPO-2010 universal sərgisi "Ən yaxşı şəhər - ən yaxşı həyat" devizi altında keçiriləcək. Tədbir XXI əsrin problemlərinə, əsasən sənaye istehsalı artımı və ətraf mühitin qorunması arasında optimal balansa əməl olunmasına həsr ediləcək.

Şanxay sərgisi ümumdünya universal sərgilərin əsryarımlıq tarixində ən nəhəngi olacaq. Şanxay hakimiyyəti bildirir ki, sərginin 184 iş günündə 70 milyona yaxın adam gələcək. Hadisə çərçivəsində 20 mindən çox müxtəlif tədbirin keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti