...

Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanın bir ölkə kimi həyatının tamamilə dəyişməsi ilə müşayiət olundu - YAP-ın icra katibi (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 İyun 2010 13:37 (UTC +04:00)
Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycan bütün dünyada tənəzzül etməkdə olan bir ölkə kimi tanınırdısa, bu gün Azərbaycan dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi qəbul olunur, - Trend-in məlumatına görə, bunu şənbə günü "Qurtuluş-17" adlı konfransda hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib.
Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanın bir ölkə kimi həyatının tamamilə dəyişməsi ilə müşayiət olundu - YAP-ın icra katibi (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycan bütün dünyada tənəzzül etməkdə olan bir ölkə kimi tanınırdısa, bu gün Azərbaycan dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi qəbul olunur, - Trend-in məlumatına görə, bunu şənbə günü "Qurtuluş-17" adlı konfransda hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib.

"Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanın bir ölkə olaraq həyatının tamamilə dəyişməsi ilə müşayiət edildi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın keçdiyi yola nəzər salsaq, ölkəmiz hərtərəfli iflas və tənəzzül yolundan ümummilli liderin müəyyənləşdirdiyi siyasətin təsiri altında inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoydu", - Əhmədov vurğulayıb.

YAP funksionerinin sözlərinə görə, Heydər Əliyevin əzəmətli qayıdışının 17-ci ildönümü həyatımızın bütün sahələrindəki inkişaf, tərəqqi, yüksəlişlə müşayiət olunur.

"Azərbaycan xalqı xoşbəxtdir ki, 17 il öncə Heydər Əliyevin möhtəşəm qayıdışı ilə əsası qoyulan inkişafın böyük mərhələsini keçərək yüksələn, müasirləşən, yeniləşən bir Azərbaycan kimi özünü tanıda bilib. Azərbaycanın müasir tarixinin ən əzəmətli hadisəsi Heydər Əliyevin qayıdışında özünü ehtiva edən qurtuluş məfkurəsi ilə əlaqədardır. Bunun nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin şəxsiyyətinə, siyasətinə bütün zamanlarda ehtiram və hörmət nümayiş etdirir", - YAP-ın icra katibi deyib.

Əhmədov 17 ildə Azərbaycanın çox böyük uğurlara imza atdığını, xalqda gələcəyə inam və optimist fikirlərin formalaşdığını qeyd edib.

Milli Məclisin komitə sədri, millət vəkili Arif Rəhimzadə Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycanda mövcud siyasi, sosial-iqtisadi durum barədə geniş məlumat verdi.

O qeyd etdi ki, həmin dövr hakimiyyət daxilində və ölkədə hər sahədə xaos, qarışıqlıq, qanunsuzluq hökm sürürdü.

"Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə idi", - Rəhimzadə deyib.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətini və xalqını böyük bir faciədən xilas etdiyini vurğulayan Rəhimzadə, ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar, işlər barədə geniş məlumat verdi.

YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov konfransdakı çıxışında 90-cı illərin əvvəllərində Azərbaycandakı gərgin siyasi vəziyyətdən danışıb.

O  qeyd edib ki, Azərbaycanın qurtuluşunun əsası ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı ilə qoyulub.

O zaman Naxçıvanın düşdüyü ağır vəziyyətdən danışan İbrahimov bildirib ki, Heydər Əliyev Naxçıvanda hakimiyyətə gəlməsəydi, Naxçıvan Ermənistan tərəfindən işğal olunacaqdı.

Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvan Ali Məclisində dalğalandığını deyən İbrahimov qeyd edib ki, həmin dövrdə çoxları bu bayrağı tanımırdı.

Təhsil naziri Misir Mərdanov Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələrdə mərhələlərlə inkişafın başlandığını deyib.

Nazir bildirib ki, ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkədə siyasi, iqtisadi stabillik yarandı və Azərbaycanın inkişaf dövrü başlandı.

Bu gün bizim əldə etdiyimiz uğurlar, nailiyyətlər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlıdır. Hər birimiz həyatımızdakı inkişafa görə Qurtuluş Gününə borcluyuq. "Haqlı olaraq bu gün Azərbaycanın tarixində bayram kimi qeyd olunur", - Mərdanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti