Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümündə respublika əhəmiyyətli yollarda yol qəzalarının sayının minimuma endirilməsi məqsədilə təhlükəsizlik tədbirləri hazırlayıb.
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, yay mövsümündə, xüsusən də iyul-avqust aylarında respublikada yol qəzalarının və qəzalar zamanı ölüm və xəsarət alanların sayı əvvəlki aylarla müqayisədə kəskin şəkildə artır. Bu artım respublikanın bütün bölgələrinə gedən yollarda müşahidə olunur.
"2008-ci ilin yanvar ayında yol qəzalarında ölənlərin sayı 54, fevralda 45, martda 71, apreldə 67, mayda 69, iyunda 73, iyulda 96, sentyabrda 75 nəfər olub. Həmin ilin avqust ayında respublikada 304 yol qəzası zamanı 135 nəfər ölüb, 338 nəfər xəsarət alıb. Ötən il isə iyunda 295 yol qəzasında 81 nəfər ölüb, 335 nəfər xəsarət alıb; avqustda 342 yol qəzasında 110 nəfər ölüb, 389 nəfər yaralanıb", - Əliyev bildirib.
BDYPİ rəsmisinin sözlərinə görə, iyul-avqust aylarında istirahət üçün rayonlara gedənlərin, eləcə də imtahanlar üçün paytaxta gələnlərin sayı artır. Həmçinin, yay mövsümündə istehsal etdiyi meyvə-tərəvəzi satmaq məqsədilə bazara gətirənlərin də sayı çoxalır. Bu səbəbdən, respublika əhəmiyyətli yollarda hərəkətin intensivliyi artır.
Əliyev yay mövsümündə yol qəzalarının sayının artmasını bir neçə səbəblə əlaqələndirir.
Onun sözlərinə görə, yayda havalar isti olduğundan, sürücülər yola gecə saatlarında çıxırlar. Sürücünün yuxusuzluğu qəzaların baş verməsinin səbəblərindən biridir.
"Hava isti olduğundan, sürücülər avtomobili sürətlə idarə edirlər. Avtomobillərin 50 faizi VAZ markalı maşınlardır. Bu avtomobillər isə kondisionerlə təchiz olunmadığından, isti hava sürücülərə pis təsir göstərir. Bu təsir sürücünün diqqətini yayındırır. Yoldakı ən kiçik maneələri belə vururlar. Səbəblərdən biri istirahət mərkəzlərindən qayıdan sürücülərin avtomobilləri sərxoş vəziyyətdə idarə etmələridir. Bütün qeyd etdiyim səbəblər yay mövsümündə yol qəzalarının sayının artmasına gətirib çıxarır", - Əliyev vurğulayıb.
Qeyd olunan halların qarşısını almaq üçün yol polisinin kompleks tədbirlər həyata keçirdiyini deyən şöbə rəisi bildirib ki, yay mövsümündə yol polisi əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
"Yollardakı DYP postlarında əl-üz yumaq üçün lazımi şərait var. Yuxusuz sürücülər bu postlarda yuxudan ayılmaq üçün əl-üzlərini yuya bilərlər. Avtomobillərin sürətlə idarə olunmasının qarşısını almaq məqsədilə yollarda stasionar və mobil qaydada radarlar yerləşdirilib. Həmçinin, uzaq məsafədə yerləşən rayonlara işləyən sərnişin avtobuslarına gecə saatlarında xəttə çıxmaq qadağan olunub", - Əliyev bildirib.
Şöbə rəisi qeyd edib ki, maarifləndirilmə məqsədilə televiziyalarda roliklər verilir, verilişlər hazırlanır, sürücülər arasında təbliğat işləri aparılır.
Bu il yay mövsümündə də yollarda qəzaların sayının qarşısını almaq məqsədilə yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Avqust ayında "təmiz hava aylığı" keçirilməsi planlaşdırılır. Mövsüm ərzində avtomobillərin sərxoş vəziyyətdə, yüksək sürətlə idarə olunması halları artdığından, yollarda nəqliyyatın intensivliyi səbəbindən şənbə, bazar günlərində yol polisi əməkdaşları respublika əhəmiyyətli yollarda mütəmadi reydlər aparacaq", - Əliyev deyib.
BDYPİ rəsmisi sürücülərdən avtomobilləri idarə edərkən yol-hərəkət qaydalarına riayət etməyi, təhlükəsizlik kəmərindən istifadə etmələrini, diqqətli olmalarını xahiş edir.