Azərbaycan, Bakı, 24 iyun /Trend/
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Azərbaycanın Belçikadakı səfirliyi ilə birlikdə Brüssel şəhərində rəsmi qəbul keçirib. Bu barədə NATO yanında Nümayəndəliyin məlumatında deyilir.
Tədbirə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş hərbi attaşelər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Bundan əlavə, Brüsseldə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və nazirliyin digər əməkdaşları da tədbirə qatılınlar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbirdə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı səfir Kamil Xasıyev və hərbi nümayəndə general-mayor Hüseyn Mahmudov açılış nitqi söyləyiblər. Çıxış edənlər qonaqları salamladıqdan sonra onları Azərbaycan Silahlı Qüvvələrin yaranması və inkişafı tarixi və Azərbaycan-NATO münasibətləri barədə məlumatlandırıblar.
Tədbir çərçivəsində "Müasir Bakının Görüntüləri" adlı fotosərgi təşkil edilib. Sərgi zamanı qonaqlar Bakının inkişaf tarixi, onun keçmiş əsrlər boyu coğrafi-siyasi əhəmiyyəti barədə məlumatlandırılıb, həmçinin onlara Bakının tarixi, mədəni və müasir görüntüləri təqdim edilib.
Qəbul zamanı Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilib, Azərbaycan və onun Silahlı Qüvvələri barədə videomateriallar nümayiş etdirilib.