...

Azərbaycan DİN-ə məxsus binaların açılışı olub

Siyasət Materials 30 İyun 2010 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan polisinin yaradılmasının 92-ci ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı poliklinikasının və stomatoloji mərkəzinin, Xəzər rayon Polis İdarəsinin yeni inzibati binalarının açılışı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hər iki tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Tibb İdarəsinin rəisi, polis polkovniki Bəhruz Səfərəliyev general-polkovnik Ramil Usubova 1 saylı poliklinika və stomatoloji mərkəzin açılışa hazır olması barədə raport verib.

Nazir polis səhiyyə müəssisəsinin açılışını bildirən lenti kəsib.

DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev daxili işlər nazirinə yeni inzibati binanın texniki göstəriciləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, bünövrəsi ötən ilin aprelində qoyulmuş, 3 əsas və 1 kürsü mərtəbədən ibarət, ümumi sahəsi 2720 kvadratmetr olan yeni tikili ən müasir tələblərə cavab verən tibb müəssisəsi kimi layihələndirilərək inşa edilib.

Binanın birinci mərtəbəsində qeydiyyat və rentgen otaqları nəzərdə tutulub, 2-ci, 3-cü mərtəbələrdə isə qeyri-stasionar müayinə və müalicə təyinatlı otaqlar yerləşdirilib, ən müasir mebel və inventarlarla təchiz edilib. Bina zəruri mühəndis kommunikasiya sistemləri, o cümlədən mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi, 1 kilovoltluq xarici elektrik təchizatı xətti, rabitə-kommunikasiya xətləri və s. ilə təchiz edilib.

Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda daxili işlər orqanlarının və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılıb. Yeni bina ilə yaxından tanış olan daxili işlər naziri burada narkologiya, okulist, əməliyyat, terapevt, rentgen və digər tibb otaqlarına, dəqiq analizlərin aparılması üçün ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyaya və stomatoloji mərkəzə baxıb, şəxsi heyət üçün yaradılan şəraitdən razılığını bildirərək tövsiyələrini verib.

Həmin gün respublikanın daxili işlər naziri Xəzər rayon Polis İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsinə həsr olunmuş tədbirdə də iştirak edib.

Nazir açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, tikintisinə ötən ilin iyununda başlanmış dördmərtəbəli inzibati binanın ümumi sahəsi 2784 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 61 xidməti otaq, yeməkxana, akt zalı var. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. İdarənin həyətində qazanxana, su anbarı, nəzarət-buraxılış məntəqəsi inşa edilib, ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb, foyedə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub.

Daha sonra nazir Müvəqqəti-Saxlama Təcridxanası, burada yaradılmış şəraitlə yaxından tanış olub.

Görülən işləri yüksək qiymətləndirən nazir Xəzər RPİ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün bütün imkanların yaradılmasından məmnunluğunu ifadə edib, tapşırıq və tövsiyələrini verib. DİN rəhbəri əmin olduğunu bildirib ki, şəxsi heyət bu yüksək diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, ölkəmizin paytaxtında sabitliyin, əmin-amanlığın etibarlı qorunmasında və cinayətkarlıqla uğurlu mübarizədə səylərini əsirgəməyəcək.

Xəbər lenti

Xəbər lenti