Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S. Ağayeva/
Azərbaycanın iqtisadi imkanları Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Niderland Xarici İşlər Nazirliyi, Azərbaycanın Niderlanddakı Səfirliyi və Krallığın Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət İnvestisiya Şirkəti və Ticarətə Yardım Şurasının iştirakı və dəstəyi altında Niderlandda təqdim olunub.
"Niderland Xarici İşlər Nazirliyində təşkil olunmuş təqdimatda iki ölkənin rəsmi hökumət nümayəndələri, yerli iş adamları, Niderlandda diplomatik nümayəndələrin rəhbərləri iştirak ediblər", - bu barədə Trend-ə Azərbaycanın Niderlanddakı Səfirliyindən məlumat veriblər.
Niderland Xarici İşlər Nazirliyi baş katibinin müavini M.Van Daalen ölkələr arasında ikitərəfləi əlaqələrin uğurlu inkişafı və Hollandiyanın maraqlı olduğu bu münasibətlərin genişlənməsi perspektivləri ilə iştirakçıları məlumatlandırıb.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov təqdimatda çıxış edərək, ölkənin dinamik inkişafından, iqtisadi inkişaf perspektivləri və prioritet istiqamətlərdən danışıb.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev və Azərbaycan Dövlət İnvestisiya Şirkətinin icraçı-direktoru Əfqan İsayev iştirakçıları ölkənin iqtisadi siyasətinin əsas prioritetləri, iqtisadiyyatda yaranmış əlverişli şərait və gerçəkləşən layihələr barədə məlumatlandırıblar.
Niderlandın rəsmi şəxsləri Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə edərək, Hollandiya iqtisadi missiyasının Azərbaycana səfərinin təşkil edilməsinin vacibliyini vurğulayıblar.