...

Azərbaycanda Polis günü əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə sədaqətinin rəmzidir – nazir Ramil Usubov

Siyasət Materials 2 İyul 2010 10:56 (UTC +04:00)
Azərbaycanda Polis günü ölkəmizdə əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə və vəzifə borcuna sədaqətinin rəmzidir.
Azərbaycanda Polis günü əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə sədaqətinin rəmzidir – nazir Ramil Usubov

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Polis günü ölkəmizdə əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə və vəzifə borcuna sədaqətinin rəmzidir, - Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.

"Polis günü, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının bayramıdır. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də Sovetlər Birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanıb, təşkilati cəhətdən möhkəmlənib", - nazir deyib.

Usubov qeyd edib ki, bütün bunlarla bərabər, polisin şanlı tarixinin ən mühüm mərhələləri, sözsüz ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

"Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra, Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi", - nazir deyib.

Usubov bildirib ki, bu illərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına Vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil.

"Fəxr edirik ki, xalqımızın xilaskarının Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin qorunub-saxlanılması, gələcək inkişafı naminə sabitliyin yaradılması ilə bağlı gördüyü əzəmətli işlərdə şəxsi heyətimizin də layiqli əməyi olub. Əgər ötən əsrdə müstəqilliyin bərqərar olması üçün əmin-amanlıq hava-su kimi zəruri idisə, dövlət quruculuğunun bugünkü yeni mərhələsində sabitlik Azərbaycanın tərəqqisinin, qazandığı uğurların, dinamik inkişafda liderliyinin rəmzinə və respublikaya beynəlxalq investisiyaların cəlb edilməsinin fundamental faktoruna çevrilmişdir. Bu mənada, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər, şəxsi rəhbərliyi ilə müasir Azərbaycanın inkişaf tempinə uyğun aparılan islahatlar Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynamışdır", - nazir əlavə edib.

Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanından ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

"Əllərdə qanunsuz saxlanılan 33 minə yaxın odlu silah yığılmış və onun tətbiqi ilə törədilən cinayətlərin sayı, təxminən, 7 dəfə azalmışdır. Axtarışda olan 76 minə yaxın təqsirləndirilən şəxs tutulmuş, dövriyyədən qanunsuz 4 tondan çox narkotik vasitə çıxarılıb. Son illər isə bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma təmayülü müşahidə olunur. Bu müsbət tendensiya cari ilin ötən dövründə də davam etmişdir. Cinayətlərin dinamikasında qəsdən sağlamlığa ağır zərər vurmalar, hədə-qorxu ilə tələb etmələr, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar, xuliqanlıqlar və s. nəzərəçarpacaq dərəcədə azalıb, adamları girovgötürmə cinayətləri qeydə alınmayıb. Şəxsiyyət əleyhinə olan cinayətlərin, o cümlədən, qəsdən adam öldürmələrin, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılma göstəriciləri xeyli yaxşılaşıb" , - Usubov əlavə edib.

Nazirin sözlərinə görə, daxili işlər orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1994-cü illə müqayisədə 58,3%-dən 88,5%-dək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3%-dən 76,4%-dək yüksəlib.

Xəbər lenti

Xəbər lenti