Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Y.Ostapenko/
Sentyabrın 13-dən 17-dək BMT Beynəlxalq Məhkəməsində İrqi ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanın tətbiqi üzrə Gürcüstanın Rusiyaya qarşı şikayət ərizəsi ilə bağlı məhkəmə dinləmələri keçiriləcək. Bu barədə təşkilatın məlumatında deyilir.
Tərəflər işlə bağlı şifahi debatların iki mərhələsində öz mövqelərini izah edə və onu müdafiə etmək üçün dəlillər təqdim edə biləcəklər.
2008-ci il avqustun 12-də Cənubi Osetiyada silahlı münaqişə başa çatdıqdan sonra Gürcüstan BMT Beynəlxalq Məhkəməsinə Rusiyaya qarşı iddia ərizəsi təqdim edib. O, Moskvanı İrqi ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanı pozmaqda günahlandırır.
Tbilisi məhkəməni mübahisəyə baxılanadək müvəqqəti ölçülər kimi Rusiyanı Cənubi Osetiya və Abxaziyadakı Gürcüstan vətəndaşlarının hüquqlarının təmin edilməsinə məcbur etməyə çağırıb.
2008-ci il oktyabrın 15-də BMT Beynəlxalq Məhkəməsi müvəqqəti ölçülər haqqında qərarını açıqlayıb. O hər iki tərəfi - Gürcüstan və Rusiyanı hər hansı irqi ayrıseçkilik aktlarından imtina etməkdən və onları dəstəkləməkdən çəkinməyə çağırıb.
Məhkəmə qərara alıb ki, Moskva və Tbilisi ehtiyacı olanlara humanitar kömək göstərilməsinə yardım etməli, eləcə də mübahisənin dərinləşməsinə gətirib çıxaran tədbirlərə əl atmamalıdırlar. Məhkəmə müvəqqəti ölçülər müəyyən etməklə iş üzrə hər iki tərəfin üzərinə əhalinin təhlükəsizliyini, dövlət sərhədləri çərçivəsində azad yerdəyişmə və məskunlaşma üzrə insan haqlarını təmin etmək, köçkünlərin və qaçqınların əmlakını müdafiə etməklə bağlı öhdəlik qoyub.
Məhkəmə qərara alıb ki, Konvensiya tərəfləri, həmçinin, Rusiya və Gürcüstan şəxslərə, bir qrup şəxsə və ya ayrı ayrı müəssisələrə qarşı irqi ayrıseçkiliyə yol verməmək üçün əllərindən gələn hər şeyi etməlidirlər. Müvəqqəti ölçülər üzrə qərarın lehinə dinləmələrdə iştirak edən səkkiz hakim səs verib. Qərarda qeyd olunur ki, Məhkəmə Cənubi Osetiya, Abxaziya və ona bitişik rayonlarda həddindən artıq mürəkkəb olan vəziyyət barədə tam məlumatlandırılıb və regionda davam edən qeyri-müəyyənliyi diqqətdə saxlayır. Məhkəmə baş vermiş münaqişədən zərər çəkmiş gürcülərin ağır vəziyyətini qeyd edib, etnik osetin və abxazların da vəziyyətinin ağır olaraq qaldığını diqqətə çatdırıb.
Beynəlxalq Məhkəmə BMT-nin altı əsas orqanından biridir. O, dövlətlər arasındakı mübahisələri həll edən universal xarakterli yeganə beynəlxalq məhkəmə orqanıdır, Baş Assambleya və Təhlükəsizlik Şurasının doqquz il müddətinə seçdiyi 15 hakimdən ibarətdir.