Türkmənistan, Aşqabad, 11 avqust /Trend, müxbir H.Həsənov/
Türkmənistanda aparılan hərbi islahatlar çərçivəsində biz bundan sonra da sərhəd qoşunlarını müasir hərbi texnika və avadanlıqla təchiz edəcəyik. Bu barədə ölkə Prezidenti Qurbanqulu Berdıməhəmmədovun müraciətində deyilir.
Türkmənistan rəhbəri Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini və qulluqçuları ölkə Sərhəd Qoşunlarının yaradılmasının 18 illiyi və Sərhədçi günü münasibətilə təbrik edib.
"Milli Sərhəd Qoşunlarımızı müasir hərbi texnika ilə təchiz etməklə, biz başlıca məqsədi - müstəqil Türkmənistanın hərbi doktrinasını rəhbər tutaraq, ölkənin etibarlı müdafiəsinin təmin edilməsini güdürük", - Berdıməhəmmədov qeyd edib.
Türkmənistanın Əfqanıstan, İran, Özbəkistan və Qazaxıstanla quru sərhədi, Xəzərdə Azərbaycan, Rusiya, Qazaxıstan və İranla dəniz sərhədi var.
"Biz türkmən dövlətinin tərəqqi yolunda inamla irəliləməsinə mane törədə biləcək əməllərə heç vaxt yol verməyəcəyik", - müraciətdə vurğulanır.
"Bizim sülh sərhədimiz dostluq və qardaşlıq, dövlətin çiçəklənməsini və xalqın firavan həyatını təcəssüm etdirən sərhəddir", - məlumatda qeyd edilir.