...

Türkiyə hökuməti beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq – Azərbaycanın vitse-spikeri

Siyasət Materials 26 Avqust 2010 15:32 (UTC +04:00)
"Hesab edirəm, Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq və özünün, Azərbaycanın, eləcə də bölgədə maraqlarımıza uyğun siyasət yeritməklə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Parlamentinin sədr müavini Bahar Muradova hakim partiyanın internet-saytına açıqlamasında bildirib.
Türkiyə hökuməti beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq – Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın vitse-spikeri inanır ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək.

"Hesab edirəm, Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq və özünün, Azərbaycanın, eləcə də bölgədə maraqlarımıza uyğun siyasət yeritməklə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək",  - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Parlamentinin sədr müavini Bahar Muradova hakim partiyanın internet-saytına açıqlamasında bildirib.

Verilən məlumata görə, Türkiyə sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində müəyyən avadanlıqların Ermənistan ərazisinə keçirilməsi üçün Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmir. Lakin Türkiyə XİN başçısı Əhməd Davudoğlu bu məlumatı təkzib edib.

Muradova deyib ki, NATO-nun həmin avadanlıqları Ermənistana başqa istiqamətdən də gətirmək imkanı var.

"Hazırda Türkiyəyə bu təzyiqlərin göstərilməsi məhz həmin tədbirdən istifadə edərək, sərhədlərin qısamüddətli açılmasına və sonradan isə davamlılığını tələb etmək cəhdini  ortaya qoyur. Amma düşünürəm, Azərbaycan və Türkiyə cəmiyyəti bu layihəyə qarşı çıxmaqda haqlıdır və bu mövqe sona qədər davam etdirilməlidir. Çünki Ermənistanda keçirilən təlimlər humanitar təlimlərdir və oraya avadanlıqların Türkiyədən gətirilməsi mütləq deyil", - Muradova əlavə edib.

Vitse-spiker bildirib ki, Türkiyənin tutduğu mövqe digər ölkələr üçün də nümunə olmalıdır.

"Türkiyə, NATO-nun yeganə üzvü olaraq, beynəlxalq prinsiplərin pozulmasına, bir ölkənin digərinin ərazisini işğal etməsinə, etnik təmizləmə siyasətinin aparılmasına öz etirazını bildirərək, işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Təcavüzkar dövlətə belə münasibətin göstərilməsi digər ölkələrə də bu kimi məsələlərdə hansı mövqe tutmaları üçün bir nümunədir. Ancaq Türkiyə bunun müqabilində beynəlxalq təziyqlərə məruz qalır", - Muradova deyib.

Vitse-spikerin sözlərinə görə, müəyyən beynəlxalq dairələr bu mövqeyinə görə Türkiyəni cəzalandırmaq istəyir.

"Cəza isə sərhədlərin açılması tələbidir, Türkiyəni buna məcbur etməkdir. NATO-nun təlimləri çərçivəsində sərhədlərin açılması Türkiyəni Ermənistan qarşısında geri çəkilməyə vadar etmək, qısamüddətli də olsa, sərhədləri açmaq və bunu təkrar olunan hadisəyə çevirmək məqsədi daşıyır", - Muradova vurğulayıb.

Türkiyə 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun işğal olunmasına etiraz əlaməti kimi bu ölkə ilə sərhədlərini bağlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti