...

Azərbaycanın müxalifət pariyalarının birləşməsi hələ də aktualdır – partiya funksionerləri

Siyasət Materials 15 Sentyabr 2010 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının birləşməsi ideyası hələ də aktualdır. Bu barədə çərşənbə günü Trend-ə Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər bildirib.

"Birləşmə məsələsi gündəmdən çıxmayıb. Sadəcə indiki mərhələdə əsas diqqəti seçki blokuna və seçki kampaniyasına verdiyimizə görə birlik məsələsinin müzakirəsi arxa plana keçib", - Əkbər əlavə edib.

İyulun 15-də Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy siyasi kursunda olan partiyaların birləşməsi təklifini irəli sürüb. Bu təklifə ilk reaksiya Azərbaycan Xalq Cəbhəsi Partiyasından gəlib.

Əkbərin sözlərinə görə, indiki mərhələdə əsas diqqət seçki blokunun uğurlu seçki kampaniyasının aparılmasına yönəlib.

"Seçkilər qurtaran kimi seçkilərin nəticələrindən asılı olmayaraq həmin məsələnin müzakirəsi yenidən bərpa olunacaq", - o deyib.

AXCP-nin sədr müavini Nurəddin Məmmədli isə Trend-ə açıqlamasında birləşmənin ciddi müzakirələr və vaxt tələb edən məsələ olduğunu bildirib.

"Bu məsələ heç də arxa plana keçməyib. Bir neçə gün bundan öncə imzalanmış vahid blok ilə bağlı sazişi birləşmə istiqamətində mühüm bir mərhələ kimi dəyərləndiririk. Biz birləşmə istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik", - Məmmədli qeyd edib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti