...

Azərbaycan Prezidenti MDB Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib

Siyasət Materials 15 Sentyabr 2010 20:59 (UTC +04:00)
Sentyabrın 15-də Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Azərbaycan Prezidenti MDB Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib

Sentyabrın 15-də Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının yüksək səviyyədə təşkil olunduğunu və bu mötəbər tədbirdə səmərəli fikir mübadiləsi aparıldığını qeyd edib.

"Azərbaycan MDB-nin işində fəal iştirak etmək əzmindədir. Biz müxtəlif formatlarda - həm humanitar sahədə, həm iqtisadi əməkdaşlıqda, həm də əlbəttə ki, təhlükəsizlik və sabitliyin təminatında fəal iştirak edirik. Bilirəm ki, bizim təhlükəsizlik orqanları ilə MDB ölkələrinin təhlükəsizlik orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyət mövcuddur. Mən bunu alqışlayıram. Çox şadam ki, dost MDB ölkələrini təmsil edən həmkarlarımız fəal əməkdaşlıqda maraqlıdırlar. Biz ümidvarıq ki, bu cür əməkdaşlıq davam etdiriləcəkdir", - Müstəqil Dövlətlər Birliyi ölkələrinin xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynadığını diqqətə çatdıran dövlətimizin başçısı deyib.

Dövlətimizin başçısı MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının beynəlxalq terrorizm, ekstremizm, radikalizm və müasir dövrün bu qəbildən olan digər çağırışlarına qarşı layiqincə mübarizə aparmağa daha güclü təkan verəcəyinə əminliyini vurğulayıb.

"Mən əminəm ki, ölkələrimizin təhlükəsizliyinin tam şəkildə təmin edilməsi qonşular, tərəfdaşlar, dost ölkələrlə sıx əməkdaşlıq yolu ilə mümkündür. Bu gün dünyada təkcə dövlət və təhlükəsizlik orqanlarının texnologiya və imkanları genişlənmir, təəssüf ki, insanlarımızın dinc həyatına qəsd etmək, təşviş və xaos yaratmaq istəyənlər də qabaqcıl texnologiyaları əldə edirlər. Təbii ki, siz bunu daha çox və daha yaxşı bilirsiniz. Əminəm ki, operativ informasiya mübadiləsi, sıx əməkdaşlıq bir çox bəlalardan xilas olmağa kömək edəcəkdir", - İlham Əliyev bildirib.

Prezident İlham Əliyev MDB ölkələrinin qarşılıqlı səmərəli əməkdaşlığının və birgə səylərinin regionda, ümumilikdə dünyada təhlükəsizliyə təminatın yaradılmasında mühüm rol oynadığını deyib. Dövlətimizin başçısı xüsusilə qeyd edib ki, planetdə heç bir, o cümlədən ən güclü ölkələrin belə beynəlxalq terrorizm kimi qlobal təhlükələrdən tam sığortalanmadığı indiki vaxtda MDB ölkələrinin səylərini daha da artırması olduqca vacibdir. Prezident İlham Əliyev ümumi amallar naminə MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının iştirakçılarına uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti