...

Dağlıq Qarabağ münaqişəsi üzrə yeni danışıq qrupunun axtarışı üçün vaxt yetişib – Latviyanın eks-prezidenti (MÜSAHİBƏ)

Siyasət Materials 17 Sentyabr 2010 18:47 (UTC +04:00)
Trend-in Latviyanın eks-prezidenti (1999-2007-ci illər), BMT baş katibinin xüsusi nümayəndəsi, Aİ-nin uzunmüddətli inkişaf üzrə Ekspertlər qrupunun sədr müavini Vayra Vike-Freyberqa ilə müsahibəsi
Dağlıq Qarabağ münaqişəsi üzrə yeni danışıq qrupunun axtarışı üçün vaxt yetişib – Latviyanın eks-prezidenti (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir V.Javoronkova/

Trend-in Latviyanın eks-prezidenti (1999-2007-ci illər), BMT baş katibinin xüsusi nümayəndəsi, Aİ-nin uzunmüddətli inkişaf üzrə Ekspertlər qrupunun sədr müavini Vayra Vike-Freyberqa ilə müsahibəsi

- Siz Azərbaycana səfərinizi necə qiymətləndirirsiniz? Sizin son səfərinizdən etibarən ölkəmiz necə dəyişib?

- Azərbaycanın son beş ildə necə sürətlə dəyişdiyini adi gözlə də görmək mümkündür. Ölkəniz inkişaf edir və öz təbii resurslarından səmərəli surətdə istifadə edir, əhalinin qayğısına qalır. Həyat yoldaşımla səfərim zamanı biz ali təhsil, elm və texnika ilə bağlı bir sıra təşkilatlara baş çəkdik və bizə aydın oldu ki, Azərbaycan sürətlə və məqsədyönlü şəkildə irəliyə doğru inkişaf edir.

Düşünürəm ki, bu, müdriklikdir və sizin neftin qiymətinin son dərəcə baha olduğu bir dövrdə ölkənin ehtiyatlarının artırılmasına sərf olunan mənfəət əldə etməkdə bəxtiniz gətirib. Çünki təbii resursların ölkənin çiçəklənməsini əbədi olaraq təmin edəcəyinə bel bağlamaq olmaz. Yeraltı yanacaq nə vaxtsa tükənəcək. Odur ki, mən hesab edirəm ki, gələcək nəsillərin qayğısına qalmaq və onların geniş imkanları olması üçün kapital toplamaq sizin tərəfinizdən müdrik qərardır. Və hesab edirəm ki, Azərbaycanda ən sərfəli yatırımlar insan kapitalına qoyulan sərmayələrdir, çünki o, bərpa edilən resurslardır.

- Siz BMT-də Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndənin təyin edilməsi təşəbbüsü ilə çıxış etmisiniz. Xüsusi nümayəndənin fəaliyyəti hansı praktiki əhəmiyyətə malik olacaq?

- Bunun mümkün olması üçün BMT-nin bəzi üzv ölkələri oxşar təkliflər irəli sürməlidirlər və daha sonra kifayət qədər sayda üzv ölkələr bu təkliflə razılaşmalıdırlar. Minsk qrupundan razılığın əldə olunması üçün tələb olunan və sonda nəticəsiz qalan müddəti nəzərə alaraq, mən belə hesab edirəm ki, bu münaqişənin həlli üçün daha böyük şansları olacaq yeni danışıqlar aparacaq qrupun axtarışı üçün vaxt yetişib. Hesab edirəm ki, danışıqların aparılması elm yox, incəsənətdir. Lakin yeni danışıq qrupunun yaradılması üçün hazırkı qrupun üzvləri öz mövqelərini güzəştə getməyə razılaşmalıdırlar. Amma bunun baş verəcəyinə ciddi şübhəm var.

- Siz Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Mən deyərdim ki, Azərbaycan coğrafi baxımdan strateji mövqedə yerləşib, məsələn, Mərkəzi Asiya ölkələrindən neft və qazın ötürülməsi üçün körpü rolunu oynaya bilər və əlbəttə ki, o özü də enerjidaşıyıcıları mənbəyidir. Azərbaycan Avropaya neft və qazın nəqlinin alternativ marşrutlarını təqdim edə bilər. Avropa ümumi enerji siyasətinə malik olmalıdır, lakin bu ümumi enerji siyasəti o deməkdir ki, enerjidaşıyıcıları mənbələrinin şaxələndirilməsi zəruridir.

- Siz həmçinin Aİ-nin uzunmüddətli inkişaf üzrə Ekspertlər qrupunun həmsədrisiniz. Xəzərin enerji resurslarına marağını nəzərə almaqla, Aİ regionda vəziyyətin sabitləşdirilməsinə necə kömək edə bilər?

- Aİ sabitləşməyə enerjidaşıyıcıların tədarükünün alternativ marşrutlarında iştirak etmək, boru kəmərlərinə investisiya qoymaq və bu marşrutlarla tədarük yolu ilə sabitliyə yardım edə bilər. Hesab edirəm ki, bu regionda maye qaz üçün terminalların olması yaxşı ideyadır, çünki maye qaz təbii qazdan daha yaxşı nəql olunur.

Siyasi baxımdan, əlbəttə, istərdim ki, regiondakı bütün dondurulmuş münaqişələr həll olunsun, Qərbi Avropada olduğu kimi, cəmiyyətin inkişaf və çiçəklənmədən daha yaxşı zövq alması üçün demokratiya inkişaf etsin. Biz Azərbaycan kimi Sovet İttifaqının bir hissəsi olmuş Latviyada bizə yaxın olmaq üçün göstərdiyiniz səyləri alqışlayırıq.

Xəbər lenti

Xəbər lenti