Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən parlament seçkisində vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə səs vermək və müşahidə aparmaq mümkün olacaq.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının çərşənbə axşamı keçirilən iclasında qəbul olunub.
İclasda çıxışı zamanı sədr Məzahir Pənahov deyib ki, ictimaiyyətdə vaxtı keçmiş şəxsiyyət vəsiqələri ilə bağlı MSK-nın rəsmi münasibət bildirməsinə tələb var idi. "Buna görə də həmin məsələni MSK-nın gündəliyinə salmağı lazım bildik", - o deyib.
Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabrın 7-də keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.
Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.