...

Azərbaycanın hakim partiyası parlamentdə təmsil olunan müxalif partiyalarla əməkdaşlıq edəcək

Siyasət Materials 23 Noyabr 2010 09:30 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə təmsil olunan müxalif partiyalarla əməkdaşlıq edəcək. Bu barədə bazar ertəsi Trend-ə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Azərbaycanın hakim partiyası parlamentdə təmsil olunan müxalif partiyalarla əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə təmsil olunan müxalif partiyalarla əməkdaşlıq edəcək. Bu barədə bazar ertəsi Trend-ə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib.

"Keçmişdə də müəyyən məsələlərdə parlamentdə təmsil olunan partiyalarla əməkdaşlıq etmişik. Azərbaycanın tale yüklü məsələləri ilə bağlı müzakirələrdə birgə əməkdaşlıq etmişik", - Novruzov əlavə edib.

O hesab edir ki, gələcəkdə də əməkdaşlıq bu sistem əsasında davam etdiriləcək.

"İstənilən mövzu ətrafında əməkdaşlıq etməyə, müzakirələr aparmağa hazırıq. Azərbaycanın tale yüklü məsələləri ilə bağlı əməkdaşlıqda siyasi partiyalar arasında fərq qoymuruq və müxalifət ilə də əməkdaşlıq edə bilərik", - o, qeyd edib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandate almaq uğrunda mübarizə aparıb.

Parlament seçkilərinin nəticəsi olaraq YAP parlamentdə 71 yer qazanıb. Bundan əlavə müxalif Vətəndaş Həmrəyliyi (VHP), Böyük Quruluş (BQP), Milli Dirçəliş Hərəkatı (MDHP), Demokratik İslahatlar (DİP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Vətəndaş Birliyi (VBP), Ümid, Ədalət , iqtidaryönlü Ana Vətən (AVP) və Azərbaycan Sosial Rifah (ASRP) partiyaları da parlamentdə təmsilçilik hüququ əldə ediblər.

YAP funksionerinin sözlərinə görə, bəzi partiyalar proseslərdən kənara çəkilməklə özlərini cəmiyyətdən təcrid edirlər. Bu da, son nəticədə həmin partiyaların parçalanmasına və yeni müxalifətin formalaşmasına gətirib çıxarır.

"Azərbaycanda kifayət qədər yeni müxalifət partiyaları formalaşıb və bunlar da seçkidə iştirak edirlər. AXCP-nin tərkibindən yeddi və ya səkkiz partiya yaranıb. Hamısı da müxalif partiyalardır. Onların üzvləri Azadlıq hərəkatında iştirak etmiş insanlardır. Vaxtilə Əbülfəz Elçibəyin müavinləri olublar. Məclis sədri olublar", - Novruzov vurğulayıb.

Azərbaycanda 70-ə qədər siyasi partiya fəaliyyət göstərir. Onlardan 54-ü rəsmi qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti