...

Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara yaya qədər başlamaq məqsədəuyğun olardı– Avropa komissarı

Siyasət Materials 25 Yanvar 2011 18:59 (UTC +04:00)
Avropanın daxili işlər üzrə komissarı Sesiliya Malmstrem Azərbaycan və Ermənistanla viza rejimin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqları yaya qədər başlamağı təklif etmək niyyətindədir.
Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara yaya qədər başlamaq məqsədəuyğun olardı– Avropa komissarı

Azərbaycan, Bakı, 25 yanvar/Trend, müxbir A.Qasımova/

Avropanın daxili işlər üzrə komissarı Sesiliya Malmstrem Azərbaycan və Ermənistanla viza rejimin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqları yaya qədər başlamağı təklif etmək niyyətindədir.

"Moldova və Ukrayna Avropa İttifaqı ilə vizasız rejimin yaradılması üçün lazım olan islahatların qəbul edilməsi prosesindədirlər. Digər ölkələr də bu məqsədə səy göstərirlər", - Malmstrem çərşənbə axşamı Kişinyova ikigünlük səfəri çərçivəsində bildirib. Onun sözlərinə görə, Gürcüstanla viza rejimin sadələşdirilməsi və readmissiyaya dair müqavilə martın 1-də qüvvəyə minəcək.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Keçən ilin mayında Azərbaycan və Aİ arasında münasibətlər Polşa və İsveçin təşəbbüskarı olduğu "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yeni mərhələyə daxil olub.

"Şərq tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti