...

Azərbaycan müxalifətinin yaratdığı "İctimai Palata"nın bəyanatları məsuliyyətsizlikdən başqa bir şey deyil - hakim partiyanın sədr müavini

Siyasət Materials 3 Fevral 2011 11:36 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalifətin yaratdığı "İctimai Palata"nın ölkə ictimaiyyəti tərəfindən dəstəklənməyəcəyini bəyan edib.
Azərbaycan müxalifətinin yaratdığı "İctimai Palata"nın bəyanatları məsuliyyətsizlikdən başqa bir şey deyil - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalifətin yaratdığı "İctimai Palata"nın ölkə ictimaiyyəti tərəfindən dəstəklənməyəcəyini bəyan edib.

"Bütün bunların fonunda kimlərinsə - on nəfər olsun, yüz nəfər olsun, iki yüz nəfər olsun - yığılıb ölkədə yenidən parlament seçkiləri keçirilməsi haqqında bəyanatlar səsləndirməsi əvvəla məsuliyyətsizlikdən, ikincisi, özlərinin pis vəziyyətə salınması cəhdlərindən başqa bir şey deyil", - cümə axşamı Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Azərbaycanda 2010-cu ilin noyabr ayının 7-də keçirilən parlament seçkilərindən sonra seçkilərin nəticələrindən narazı qalan bəzi müxalif siyasi partiyalar və bitərəf namizədlər "İctimai Palata" yaradıblar. Palata seçkilərin nəticələrini tanımadığını və yeni parlament seçkilərinin keçirilməsinin vacibliyi barədə bəyanat yayıb.

Əhmədov hesab edir ki, yenə də Azərbaycan cəmiyyəti müxalifətin bu çağırışlarına özünün biganəliyi ilə cavab verəcək və bütün bu müxalifət çağırışlarına ictimai biganəlik məhz elə onların mövqelərinin və ictimai dayaqlarının zəifləməsinə, nəticə etibarı ilə sıfıra enməsinə gətirib çıxaracaq.

"Hesab edirəm ki, bu cür bəyanatların səsləndirilməsi üçün heç bir obyektiv, ciddi əsas yoxdur. Digər tərəfdən Azərbaycanda belə bir bəyanatların səsləndirilməsi ölkənin siyasi situasiyasına hər hansı təsir göstərmək imkanlarına malik deyil. Üçüncüsü, Azərbaycan vətəndaşları bu cür bəyanatlara biganə olduğunu dəfələrlə sübuta yetirib. Deməli, bu bəyanatlar müxalifətin bu günə qədər səsləndirdiyi boş, mənasız, reallığa uyğun olmayan və heç bir perspektivi görünməyən bəyanatlar və təkliflərdən başqa bir şey olmayacaq. Bir neçə dəfə səsləndirəcəklər və ictimai etimadsızlığı görəndən sonra bütün bunlar asta-asta səngiyib gedəcək", - Əhmədov bildirib.

YAP rəsmisinin sözlərinə görə, hər bir seçkinin taleyini seçicilər, yəni xalq həll edir.

"2010-cu ildə Azərbaycanda keçirilən seçkilərin taleyi də məhz bu cür həll olunub. Azərbaycan seçiciləri kimi dəstəkləmək, kimə səs vermək niyyətində olublarsa, ona da səs veriblər. Həmin insanlar da Parlamentdə Azərbaycan xalqını təmsil edir. Bütövlükdə özünə hörmət edən siyasətçilər də, siyasi təşkilatlar da reallığı qəbul etmək məcburiyyətindədirlər. Reallığı qəbul etməmək görüntüsü yaratmaq hər hansı siyasi partiyaya heç bir divident gətirməyib. İnsanların rəyi ilə hesablaşmayanlar, xüsusilə də ona hörmət etməyənlər insanlar tərəfindən dəstəklənə bilməzlər. Əksinə, belə hesab edirəm ki, müxalifət partiyaları Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini reallıq olaraq qəbul etmək haqqında bəyanat versəydilər, Azərbaycanın Parlamentində təmsil olunan insanları dəstəkləyən və ona səs verən vətəndaşlar buna daha müsbət yanaşardılar. Onlar ölkəmizdə keçirilən parlament seçkiləri haqqında, onu guya tanımamaq barəsində bəyanatlar səsləndirməklə, əslində Milli Məclisdə təmsil olunan insanlara səs vermiş adamları incitmiş olurlar", - Əhmədov belə hesab edir.

Deputatın fikrincə, Azərbaycan vətəndaşları müxalifət partiyalarına qarşı biganə olmaqda haqlıdırlar.

"Ona görə ki, həmən o müxalifət partiyaları Azərbaycan xalqının rəyinə, fikrinə, verdiyi səslərə hörmətsizlik edir. Buna görə eyni münasibəti də xalqdan görəcəklər və görürlər. Bu mənada, Azərbaycanda müxalifətin yaratdığı İctimai Palata deyilən bir qurumun səsləndirdiyi bəyanatın hər hansı bir perspektivini görmürəm. Azərbaycan cəmiyyəti Parlamentdə təmsil olunan insanların hamısına səs verib və bu yolla da onlar deputat mandatı qazanıblar. Buna baxmayaraq, dəfələrlə müxalifət parlament seçkilərini, guya insanların verdikləri səslərin düzgün hesablanmaması nəticəsində qərar qəbul olunması şəklində təqdim etməyə çalışıblar. Azərbaycan xalqı bunlara özünün biganəliyi ilə əslində, bu bəyanatların heç bir əsasa söykənmədiyinə işarə edib", - YAP-ın sədr müavini bildirib.

Əhmədovun sözlərinə görə, cəmiyyət bir tərəfdən insanlara səs verərək onların Parlamentdə təmsil olunmasını təmin edib, ikinci tərəfdən müxalifətin çox müxtəlif formalarda, ardıcıl olaraq səsləndirdiyi, guya seçkilərin saxtalaşdırılması haqqında bəyanatlara da qeyri-ciddi yanaşaraq, əslində öz münasibətini bildirib. Bununla da Azərbaycan seçicisi parlament seçkilərinin legitimliyini təsdiq edir.

Xəbər lenti

Xəbər lenti