...

Çexiya Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 7 Aprel 2011 15:16 (UTC +04:00)
Çexiya Prezidenti Vaslav Klausun Azərbaycana səfərinin tarixi açıqlanıb. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Çexiya Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir S.Ağayeva/

Çexiya Prezidenti Vaslav Klausun Azərbaycana səfərinin tarixi açıqlanıb. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

"Prezident Bakıya mayın 16-19-da səfər edəcək", - mənbə bildirib.

Səfər iki dövlət başçısının 2009-cu ilin mayında Praqada birinci "Şərq tərəfdaşlığı" sammitində görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Bakıya səfər çərçivəsində biznes forumunun keçiriləcəyi gözlənilir.

Çexiya Prezidentini səfəri zamanı hökumət nümayəndə heyəti ilə yanaşı, onu bu forumda iştirak edəcək biznes nümayəndə heyəti də müşayiət edəcək.

Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya Respublikasının səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. Bundan iki il əvvəl Azərbaycanın Praqadakı səfirliyi işə başlayıb.

Çexiya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər iqtisadiyyatdan mədəni dialoqa qədər bir çox sahələrdə inkişaf edir.

İkitərəfli münasibətlərin aktivləşdirilməsində Çexiya Respublikası rəsmi şəxslərinin son üç il ərzində Azərbaycana səfərləri mühüm rol oynayır. Çexiyanın yüksəkrütbəli nümayəndələrindən 2008-ci ildə XİN rəhbəri Karl Şvarsenberq, 2009-cu ildə isə Baş nazir Mirek Topolanek, Senat sədri Prşemısl Sobotka, maliyyə naziri Eduard Yanota və müdafiə naziri Martin Bartak Bakıda olublar.

2009-cu ildə Çexiya Respublikasına Azərbaycan Prezidenti İlham Əliyev ("Şərq tərəfdaşlığı" sammiti çərçivəsində) və maliyyə naziri Samir Şərifov, bir il əvvəl isə XİN rəhbəri Elmar Məmmədyarov səfər edib.

Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır.

İldən-ilə artan mal dövriyyəsi 2010-cu il ərzində 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.

Azərbaycana gətirilən əsas çex malları arasında tikinti və yük maşınları, inşaat elementləri, körpülərin inşası üçün elementlər, çap maşınları, dərmanlar, kosmetik vasitələr, yuyucu vasitələr, şüşə məmulatlar var.

Azərbaycandan ixrac olunan əsas məhsullar isə neft, pambıq və meşə fındığıdır. Çexiya Azərbaycandan idxal olunan neftin hesabına ölkənin neftə olan tələbatının 20 faizini təmin edir.

Xəbər lenti

Xəbər lenti