...

Mehriban Əliyeva: Bu gün Heydər Əliyev Fondunun ən böyük uğuru Azərbaycan xalqının inamını və hörmətini qazanmaq olub (FOTO)

Siyasət Materials 12 May 2011 10:29 (UTC +04:00)
Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Mehriban Əliyeva: Bu gün Heydər Əliyev Fondunun ən böyük uğuru Azərbaycan xalqının inamını və hörmətini qazanmaq olub (FOTO)

Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Məlumatı Prezidentin rəsmi saytı yayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edib.

"Hər il mayın 10-da olduğu kimi, bu il də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ənənəvi mərasimdə Sizi səmimi qəlbdən salamlayıram. Mərasimdə iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara Azərbaycana "Xoş gəlmisiniz" deyirəm və bu axşam bizimlə olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm", - Azərbaycanın birinci xanımı deyib.

Mehriban xanım Əliyeva bildirib ki, bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan dünya xəritəsində müstəqil ölkə kimi yalnız 20 ildir ki, mövcuddur. 20 il tarixi baxımdan uzun bir dövr deyildir. Lakin bu 20 il ərzində ölkəmiz böyük uğurlar əldə edib.

"Bu gün Azərbaycan müxtəlif sahələrdə rekord inkişaf tempini nümayiş etdirən, regionda lider olan, dünyanın aparıcı dövlətləri ilə partnyor əlaqələri quran, beynəlxalq arenada nüfuza malik olan bir dövlətdir. Bu gün Azərbaycan güclü, qarşısına istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə ümidlə baxan dövlətdir", - birinci xanım deyib.

Onun sözlərinə görə, yaxın keçmişimizə nəzər salsaq, qeyd etməliyik ki, bu günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda problemlərimiz, çətinliklərimiz, ağrılarımız kifayət qədər olub. Arxada qalan illərin hər birinə müraciət edərək biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Onun bizimlə olub-olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan hər bir layihədə, əldə edilən hər bir uğurumuzda ulu öndərin böyük payı vardır.

"Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi və mən bu axşam onları sadalamaq istəməzdim. Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu", - Mehriban xanım Əliyeva bildirib.

Xanım Əliyeva qeyd edib ki, bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün onun ən sevimli kəlmələrindən birini - "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik.

"Əziz dostlar, bu gün, eyni zamanda, Heydər Əliyevin adını daşıyan Fond artıq 7 ildir ki, fəaliyyət göstərir. Ötən il Fond yenə də bir sıra irimiqyaslı layihələr, mühüm işlər həyata keçirib. Həmişə olduğu kimi, çalışmışıq müxtəlif sahələri - elmi, təhsili, səhiyyəni, mədəniyyəti, sosial problemləri əhatə edək. Bu axşam Fondun fəaliyyəti haqqında ətraflı məlumat səslənəcək, film nümayiş olunacaqdır. Mən yalnız onu demək istərdim ki, bu 7 il ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram", - birinci xanım bildirib.

"Əziz dostlar, mən ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu gözəl axşam heç birinizi biganə qoymayacaqdır. Bu axşamın təşkilində əməyi olan hər bir insana, xüsusilə də Heydər Əliyev Fondunun komandasına dərin minnətdarlığımı çatdırıram. Mən Sizə uğurlar, xoşbəxtlik, məhəbbət arzulayıram. Qoy Tanrı Azərbaycanı qorusun! Çox sağ olun!", - Mehriban xanım Əliyeva deyib.

Xəbər lenti

Xəbər lenti