...

Sloveniya Prezidenti: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbul edilən həll variantı deyildir

Siyasət Materials 11 İyun 2011 00:45 (UTC +04:00)
Bu gün danışıqlarımızın mövzusu, həmçinin Dağlıq Qarabağ münaqişəsi olub. Biz bu haqda öncədən də danışmışdıq. Mənim, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti cənab Medvedevin üçtərəfli qaydada danışıqlarda iştirakını da nəzərdən keçirdik.
Sloveniya Prezidenti: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbul edilən həll variantı deyildir

Bu gün danışıqlarımızın mövzusu, həmçinin Dağlıq Qarabağ münaqişəsi olub. Biz bu haqda öncədən də danışmışdıq. Mənim, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti cənab Medvedevin üçtərəfli qaydada danışıqlarda iştirakını da nəzərdən keçirdik.

Status-kvo qəbul edilən həll variantı deyildir, bunu Sloveniya Prezidenti Danilo Türk iyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bəyanatında deyib.

"Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin. Bildiyimiz kimi, Rusiya Prezidenti Dmitri Medvedev Soçidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Sloveniya bu istiqamətdə göstərilən digər təşəbbüsləri də alqışlayır.

Bu ayın sonunda yenidən Rusiyada keçiriləcək üçtərəfli görüşə ümid bəsləyirik. Hesab edirik ki, o görüş zamanı elə prinsiplər müəyyən ediləcəkdir ki, onların əsasında sülh razılaşması əldə olunsun. Əslində bu məsələnin həlli Helsinki Yekun Aktına və ATƏT-in qərarlarına uyğun olmalıdır. Danilo Türk söyləyib.

Sloveniya Prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsi mühüm məsələdir.
"Əgər biz bu regionda fəal olmaq istəyiriksə, bu məsələ vacib məsələdir. Hətta biz Avropada ən böyük qüvvə olmasaq da, daha böyük gücə malik ölkə olmasaq da fəal işləməliyik.

Biz çalışmalıyıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Bir daha burada həmkarınız soruşdu ki, nikbinliyiniz haradan gəlir? Mən bu sualın cavabına əlavə edərdim ki, əslində on ildən artıqdır mən də bu münaqişə ilə bağlı aparılan danışıqları izləmişəm. Mən əvvəllər Birləşmiş Millətlər Təşkilatı sistemində işləmişəm, indi isə Sloveniya Respublikasının Prezidentiyəm.
Biz artıq elə bir mövqedəyik ki, bu vəziyyət dəyişibdir. Biz aydın şəkildə onu bilirik ki, mövcud məsələlər əvvəlcə yox idi.

Üç əsas tərəf, iştirakçı Ermənistan, Azərbaycan və Rusiya Federasiyası, münaqişənin həlli prinsiplərini indi daha dəqiq formada müəyyən edə bilər. Bu şans əldən buraxılmalı deyil. Zənnimcə, belə bir anlaşma bu münaqişəyə bələd olan hər bir kəsdə müşahidə oluna bilər. Bu sahədə daha dəqiq olmalıyıq.

Mən sizin sualınıza uzun cavab verdim. Amma əgər bu, həll olunsa, əslində bu, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlığa xidmət edən bir məsələ ola bilər. Biz bir-birimizi dəstəkləməliyik. Biz sadəcə nümunələri, modelləri bir-birimizə təqdim etməli deyilik. Biz çalışmalıyıq ki, əsl prioritetləri, əsl dəyərləri əməkdaşlığımızda əks etdirək" Sloveniyanın dövlət başçısı vurğulayıb.

Azərbaycan və Sloveniya münasibətlərinə toxunan Danilo Türk bildirib ki, ikitərəfli münasibətlər yaxşıdır.

"Əməkdaşlığımız uğurludur və iqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. Bu, artıq böyük nəticə deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm informasiya texnologiyası, həm də sığorta sahələrində əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız genişlənir. Hesab edirəm ki, qarşımızda hələ bir çox əməkdaşlıq imkanları vardır.

Bu gün aparılmış danışıqlar, həmçinin bəzi beynəlxalq məsələləri də nəzərdən keçirmək imkanı yaratdı. Sloveniya Avropa məkanında əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Biz istəyirik ki, bu sahədə töhfəmizi verək. Bu məsələ bütün dövlətlərdən xüsusi fəallıq tələb edir, xüsusən də əgər söhbət silahlı münaqişələrdən gedirsə.

Biz bir sıra digər məsələləri də nəzərdən keçirdik. Burada enerji sahəsində beynəlxalq əməkdaşlıq müzakirə olundu. Bu, Sloveniya üçün olduqca maraqlı mövzudur. Həmçinin digər Avropa ölkələri və bütövlükdə Avropa İttifaqı üçün əhəmiyyətli bir məsələdir.
Bir sözlə, biz Azərbaycan ilə əməkdaşlıq münasibətlərimizi genişləndirmək istəyirik. Sloveniya hesab edir ki, enerji təhlükəsizliyi olduqca mühüm məsələdir. Bu məsələ get-gedə daha geniş, çoxtərəfli əməkdaşlıq tələb edir. Burada həm istehlakçılar, həm də hasilatçılar arasında əməkdaşlıq nəzərdə tutulur.

Bildiyiniz kimi, bu yaxınlarda Rusiya Federasiyası ilə apardığımız danışıqlar çərçivəsində Sloveniya bir sıra ölkələrə təklif etdi ki, "Cənub" qaz dəhlizinin bəyannaməsini imzalayan ölkələrlə, daha sıx əməkdaşlıq mövcud olsun. Bizim tərəfimizdən təklif olundu ki, onların da iştirakı daha geniş şəkildə təmin edilsin.
Zənnimcə, çoxtərəfli əməkdaşlıq ruhunda olan bu yanaşma bizi uğura apara bilər. Burada söhbət hər hansı bir rəqabətdən gedə bilməz, əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Buna görə də mən bunu giriş nitqimdə də qeyd etdim. Təbii ki, biz beynəlxalq səviyyədə münasibətlərimizin digər aspektlərinə də toxunduq" Sloveniya Prezidenti bildirib.
Jurnalistin "Qarşılıqlı investisiyaların qoyulması sahəsində perspektivləri necə görürsünüz?" sualına cavabında isə Prezident Danilo Türk bildirib ki, əvvəlcə icazə verin deyim ki, ümumiyyətlə, bu istiqamətdə aparılan proses mənim 2009-cu ildə Bakıya səfərim zamanı başladı.

"Biz prioritet sahələri müəyyən etdik və Sloveniya Azərbaycanda həmin sahələrdə fəal işləmək istəyir. Xüsusi olaraq iki sahə müəyyən edildi: informasiya texnologiyaları - bizim "İskratel" şirkəti artıq Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq edir. Biz istəyirik ki, bu əməkdaşlığı daha da genişləndirək. Digər sahə bərpaolunan alternativ enerji mənbələridir. Məsələn, su enerjisi. Biz sizə su elektrik stansiyalarının tikintisindəki təcrübəmizlə yardım etmək istəyirik ki, uğurlar qazanasınız, nailiyyətlər əldə edəsiniz. Bu, elə bir sahədir ki, Sloveniya kifayət qədər böyük təcrübəyə malikdir. Əslində bu, 100 ildən artıq olan təcrübədir.

Bu sahələr tərəflər arasında artıq müəyyən edilib və nəticələrini vermişdir. "Karona" şirkəti - telekommunikasiya sahəsindəki lider şirkət Azərbaycandakı tərəfdaşları ilə artıq saziş imzalayıb. Həmçinin su elektrik stansiyası sahəsində texniki əsaslandırma işinin aparılması ilə bağlı razılaşma əldə edilib. Zənnimcə, mən sualınıza cavab verə bildim.

İcazə verin, onu da qeyd edim ki, biz, həmçinin istərdik ki, qarşılıqlı sərmayələr olsun. Hazırda Azərbaycanın Dövlət Neft Fondu Sloveniyada sərmayə imkanlarını araşdırır. Bizim nümayəndə heyətimiz də, iqtisadiyyat nazirimiz də bu məsələ ilə daha yaxından məşğul olacaq və əməkdaşlıq üçün bir çox imkan alınacaqdır" Türk deyib.

Jurnalistin "İkitərəfli münasibətlərimizi Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz?" sualına cavab verən
Danilo Türkün sözlərinə görə, Sloveniya hesab edir ki, strateji mahiyyət daşıyan "Şərq tərəfdaşlığı" Proqramı olduqca əhəmiyyətlidir.

"Bu bizim ən vacib prioritetlərdən biridir. Əslində Avropanın gələcəyi məhz bu sənəddə əks olunubdur. Bizə ən yaxın olan qonşu ölkələrlə bu proqram çərçivəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Bu, əslində yeni bir fenomen, yeni bir layihədir ki, biz onun çərçivəsində konkret əməkdaşlığın məzmununu müəyyən edirik. Orada əməkdaşlığımızın hər hansı bir tərəfdaş ölkə üzrə təsviri verilir. Konkret olaraq bu nə deməkdir? Yəni, əməkdaşlığın prioritetləri Avropa İttifaqı ilə Azərbaycan arasında müəyyən edilir və məhz bu, "Şərq tərəfdaşlığı" Proqramında iştirak edən ölkəyə aiddir.

Tutaq ki, viza rejiminin asanlaşdırılması nəzərdə tutulur. Ümidvarıq ki, biz bu sahədə də irəliyə doğru gedə biləcəyik. Biz insanların səfərlərini daha da liberallaşdırmalıyıq. Əslində, insanlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Biz "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində, həmçinin iqtisadi əməkdaşlıq haqqında söhbət açmalıyıq. Biz o faktla razılaşırıq ki, Azərbaycan zəngin ölkədir. Azərbaycan elə bir ölkədir ki, onun xüsusi iqtisadi gücü, imkanları var və o, Avropa İttifaqına böyük töhfə verə bilər.

İcazə verin, əvvəlki suala xüsusi cavab verim. Siz qeyd etdiniz, "Nabukko" ilə "Cənub axını" layihələrinə gəldikdə hansını seçərdiniz? Siz belə bir sual verdiniz? Burada seçim olmalı deyil. Bizə hər iki layihə lazımdır. Çünki enerji istehlakçılarının tələbatları bundan sonra yalnız artacaq və hər iki tərəf digər əməkdaşlıq formalarında maraqlı olmalıdır. Bu elə bir əməkdaşlıq sahəsidir ki, burada rəqabət məsələləri durur.

Təbii ki, bu da təşkilatlar arasında müəyyən rəqabəti nəzərdə tutur. Amma bu, təbii haldır. Eyni zamanda, digər məsələni də qeyd etmək istəyirəm ki, cənab Prezident Əliyevin qeyd etdiyi kimi, burada üç tərəf əməkdaşlıq etməlidir. Hasilatçılar, tranzit ölkələr və istehlakçılar. Burada hər üç tərəfin hüquqları və maraqları vardır. Bu, əsas, müəyyənedici amildir. Bu amil Azərbaycan ilə Avropa İttifaqı arasında "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində olan əməkdaşlığa aiddir.Biz əməkdaşlığımıza məhz bu müstəvidən baxmalıyıq.

Zənimmcə, yaxşı olardı ki, bu əməkdaşlıq nümunəvi əməkdaşlıq kimi qəbul edilsin və digər sahələrə də şamil edilsin. Azərbaycan ilə Avropa İttifaqı arasında digər sahələrdə də müvafiq sazişlər imzalansın. İnanıram ki, bu sazişlər fərdi xarakter daşımalı və Azərbaycanın xüsusi, spesifik iqtisadi imkanlarını nəzərə almalıdır. Həmçinin digər aspektləri, digər sahələri nəzərə alaraq buraya yeni çalarlar gətirilməlidir. Bu mənim sizin sualınızla və Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı ilə bağlı verilən suala cavabdır. Bizə nə lazımdır? Biz yüksək səviyyədə qarşılıqlı anlaşmaya malik olmalıyıq" Prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti