Fotoşəkillər əlavə olunub (ilk xəbər 15:03-də yayılıb)
Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/
Dünya azərbaycanlılarının III qurultayı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarının uğurla həyata keçirildiyinin bir daha təzahürüdür. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Dünya azərbaycanlılarının III qurultayında çıxışında bildirib.
"Azərbaycan demokratik ənənələrin təşəkkülü, insan hüquq və azadlıqlarının qorunması, əhalinin sosial rifahının təmin edilməsi, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi azadlıqların bərqərar edilməsi və dünya birliyinə inteqrasiya sahəsində bir çox nailiyyətlərə imza atıb. Bu uğurların qazanılmasında dünya azərbaycanlılarının birliyi və həmrəyliyi müstəsna rol oynayıb", - Əsgərov bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə yaşayan, təhsil alan azərbaycanlı gənclər vətənlərini layiqincə təmsil etməyə çalışırlar.
Qurultayda 43 ölkənin nümayəndələrinin iştirak etdiyini vurğulayan birinci vitse-spiker qeyd edib ki, qurultaya yəhudi, rus, axıska türkləri və bir sıra digər xalqların nümayəndələri də qatılıb.
Əsgərov qeyd edib ki, Dünya azərbaycanlılarının III qurultayının Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə təsadüf etməsi tədbirin ictimai-siyasi məzmununu daha da zənginləşdirir.
"Prezident İlham Əliyevin başçılığı ilə 2006-cı ilin mart ayında keçirilən Dünya azərbaycanlılarının II qurultayı diasporumuzun tarixində yeni bir mərhələnin başlanğıcı olub", - o qeyd edib.
Dünya azərbaycanlılarının I qurultayı 2001-ci ildə keçirilib. Qurultay hər 5 ildən bir keçirilir.
Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil olunublar.