...

Azərbaycan Diplomatik Akademiyasının Asiya və Afrika diplomatları üçün kursları başa çatıb (FOTO)

Siyasət Materials 29 İyul 2011 17:54 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Asiya və Afrika Diplomatları üçün kursları sona çatıb. Bu barədə cümə günü Trend-ə ADA-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Diplomatik Akademiyasının Asiya və Afrika diplomatları üçün kursları başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Asiya və Afrika Diplomatları üçün kursları sona çatıb. Bu barədə cümə günü Trend-ə ADA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, ilk dəfə olaraq, Afrika və Asiyadan gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı üzrə 10 günlük kursda iştirak ediblər.

Dərslərin bitməsi münasibətilə kurs dinləycilərini təbrik edən Xarici İşlər Nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, proqram Afrika və Asiyadan gələn iştirakçılar üçün Azərbaycanın siyasi, iqtisadi naliyyətləri, eyni zamanda mədəniyyəti, tarixi haqqında məlumat almaq üçün yaxşı imkanlar yaradıb.

Tələbələr adından çıxış edən Nepallı diplomat Sharma Pokharel Azərbaycanın onların yaddaşında xüsusi iz buraxdığını, burada aldıqları biliklərin və insan səmimiyyətini yüksək qiymətləndirdiklərini qeyd edib.

Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Təlimə Haiti, Mali, Samoa, Banqladeş, Kambodja, Nepal, Myanma, Malaziya kimi ölkələrdən, əsasən birinci və ikinci katib vəzifəsini daşıyan 14 diplomat qatılıb.

Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyiblər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti, Mərkəzi Bank və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyiblər.

Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya, Qobustana səfər ediblər, Bibiheybət məscidi, Səngəçal terminalı, mədəniyyət ocaqları və muzеyləri ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti