Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Türkiyə-İsrail münasibətlərinin belə cərəyan etməsi arzuolunan deyil. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
"İki dövlət arasında problemin həll ediləcəyinə əmin olmaq istərdik. Türkiyə və Azərbaycan qardaş dövlətdir. Amma hesab edirəm ki, hər hansı dövlətlə münasibət qurarkən birinci növbədə
fikirləşmək lazımdır ki, bu münasibət hansı yollarla əldə olunub. Münasibətlər qurmaq çətin, onu dağıtmaq isə asandır. Amma qardaş Türkiyənin mövqeyini başa düşürük. Əgər bir dövlətin 10 vətəndaşı gəmidə öldürülübsə, sözsüz ki, bu, Türkiyəyə qarşı böyük haqsızlıqdır. Bu mənada biz həmişə Türkiyənin yanındayıq", - Əsgərov bildirib.
Birinci vitse-spiker hesab edir ki, Azərbaycanın digər dövlətlərlə münasibətinə də anlaşıqlı yanaşmaq lazımdır.
"Çünki Azərbaycan gənc dövlətdir. Çalışırıq ki, Azərbaycanı əhatə edən və onunla yaxşı münasibətlərdə olan ölkələrlə münasibətlərimizi daha da yaxşılaşdıraq", - o deyib.