Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Suriya ordusunun kapitanı Yusuf Humud bu gün qiyamçıların tərəfinə keçdiyini elan edib. Onun sözlərinə görə, Prezident Bəşşar əl-Əsəd rejiminin qüvvələri Rastan şəhərini "qəbiristanlığa" çevirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "əl-Ərəbiyyə" telekanalı xəbər verib.
Kapitan bildirib ki, Suriya ordusunda parçalanmalar bundan sonra da davam edəcək.
Ötən cümə günü Suriya ordusunun rəhbərliyi qiyamçılara güzəştə getmək adı ilə 300 əsgəri hərbi xidmətdən tərxis edib.
Bundan əvvəl Hums şəhərinin sakinləri deyirdilər ki, onlar tez-tez hərbçilər arasında toqquşmaların, habelə ordudan qaçma hallarının şahidi olublar.
Suriyada artıq yarım ildən artıqdır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 2,6 min nəfərə çatıb.
Müxalifət Prezident əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.