...

"WikiLeaks" Ermənistanı və onun rəhbərliyini ifşa etdi

Siyasət Materials 28 Sentyabr 2011 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

"WikiLeaks" saytının yaydığı məlumata görə, Ermənistanda prezident seçkilərinin nəticələri kütləvi şəkildə saxtalaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə "WikiLeaks" saytında seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Cozef Penninqtonun Vaşinqtona göndərdiyi məlumatlarda bildirilir.

Sənəddə qeyd edilir ki, Ermənistanda prezident seçkilərinin nəticələri saxtalaşdırılıb, seçildiyi iddia olunan Serj Sərkisyan əslində Mərkəzi Seçki Komissiyasının elan etdiyi kimi 52,82 faiz deyil, 8-14 faiz səs toplayıb. Sabiq prezident Levon Ter-Petrosyana verilmiş səslərin sayı azaldılıb.

"Wikileaks" prezidentliyə namizəd Levon Ter-Petrosyanın iddiası üzrə qərar çıxarmazdan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi üzvlərinin prezident Robert Köçəryan, daha dəqiqi, onun administrasiya rəhbəri və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan (hazırda Ermənistan baş nazirinin müavinidir) tərəfindən təzyiqə məruz qaldığını bildirir.

Cozef Penninqton bu barədə məlumatı təzyiqlərə məruz qaldıqdan sonra kömək üçün ABŞ səfirliyinə müraciət etmiş Konstitusiya Məhkəməsinin hakimi Valeri Poqosyandan aldığını qeyd edir. Poqosyan amerikalı diplomata Konstitusiya Məhkəməsinin hakimlərinə təzyiq edilməsi ilə bağlı vəziyyəti təfərrüatı ilə danışıb.

"Wikileaks" 2008-ci il prezident seçkilərindən sonra erməni müxalifətinin silahlı çevrilişə hazırlaşıdığı barədə Rusiya və Ermənistan mətbuatında gedən məlumatları təkzib edib.

Penninqton bildirir ki, bu ideyanın müəllifi prezidentlik dövrünün son dönəmini yaşayan Robert Köçəryan olub. Köçəryan amerikalı diplomatlara hərbi çevriliş ehtimalı olduğu barədə deyib.

Sənəddə qeyd olunur ki, Serj Sərkisyan və onun komandası üçün ən böhranlı an baş nazirə dəstək mitinqlərində iştirak etmək üçün bölgələrdən İrəvana gətirilən vətəndaşların fevralın 26-da gözlənilmədən Ter-Petrosyanın tərəfinə keçməsi olub.


"WikiLeaks" Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin ABŞ-ın ssenarisi əsasında həyata keçirildiyini, rəsmi Vaşinqtonun bu prosesə tam dəstək verdiyini təsdiqləyən informasiyalar barədə də məlumat yayıb.

"ABŞ-ın 2008-ci ildə Ermənistana təyin etdiyi səfir Mari Yovanoviçin Vaşinqtona göndərdiyi depeşadan məlum olur ki, onun Ermənistanda əsas vəzifəsi "futbol diplomatiyası" çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, "Yol xəritəsi" (aprel, 2009) və nəhayət Türkiyə-Ermənistan protokollarının imzalanması prosesi üçün maksimum münbit siyasi şərait formalaşdırmaq olub" yayılan sənnəddə qeyd olunub.

Sənədlərə əsasən, bu istiqamətdə səfir Mari Yovanoviçin qarşısında dayanan vəzifələr Serj Sarkisyan administrasiyasına hərtərəfli dəstək vermək və hakimiyyəti o zaman Erməni Milli Konqresində təmsil olunan parlamentdənkənar müxalifətdən qorumaq olub.

Yovanoviç ABŞ-ın təşəbbüsü ilə başlayan, Avropa Birliyi və Rusiyanın dəstək verdiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə Erməni Milli Konqresinin və onun lideri Levon Ter-Petrosyanın dəstəyini təmin etməyə çalışıb. ABŞ-ın ikinci məqsədi isə Serj Sərkisyan müqavimət göstərəcəyi təqdirdə Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi məsələsində ona qarşı Erməni Milli Konqresinin simasında güclü və birləşmiş müxalifət formalaşdırmaq olub. Lakin Erməni Milli Konqresi və onun lideri ümumilikdə Ermənistan-Türkiyə münasibətlərini dəstəkləsələr də, bir sıra səbəblərə görə, ABŞ siyasətinin farvateri ilə hərəkət etmək istəməyiblər. Bu səbəblər Levon Ter-Petrosyanın Ermənistan və Türkiyə tarixçilərindən ibarət müştərək komissiyasının yaradılmasına qarşı çıxması olub.

"Erməni müxalifəti hesab edir ki, bu komissiyanın yaradılması "erməni soyqırımı" faktını şübhə altına ala bilər. Digər bir tərəfdən belə bir komissiyanın fəaliyyət göstərməsi Türkiyə ilə Ermənistan arasında problemlərin nizamlanmasına gətirib çıxarmayacaq, əksinə tərəflər bu faktdan daxili və xarici siyasətdə PR vasitəsi kimi istifadə edəcəklər ki, bu da qəbul olunmazdır. İkinci bir amil odur ki, rəsmi Vaşinqton və tərəfdaşları dəfələrlə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bir-biri ilə əlaqəsi olmayan proses adlandırsalar da, Ankara şübhəsiz ki, protokolları ratifikasiya etmək üçün Ermənistandan Dağlıq Qarabağ məsələsində güzəşt tələb edəcək. Bundan başqa, Ankara imzalanan protokolları ATƏT-in Minsk Qrupunun daimi üzvü statusunu istifadə edərək vasitəçi ölkələr sırasına daxil olmaq üçün ciddi səylər göstərəcək ki, bu da Ermənistan üçün yolverilməzdir".

Sənədlərdə Sürix protokolunun imzalanması ilə yekunlaşan prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törətdiyi qeyd edilir.

"Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da bildirib ki, Serj Sarkisyan erməni hərbi birləşmələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri boyunca yaradılacaq "təhlükəsizlik zonası"ndakı beş rayondan çıxarmağa hazır idi, lakin Türkiyə-Ermənistan protokolları ilə bağlı məsələ buna mane olub".

Məktublardan görünür ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisi məhz Obama administrasiyası olub.
Sənədlər təsdiq edir ki, bu məsələ başlamamışdan və Sürix protokolları imzalanmamışdan öncə Ermənistan hakimiyyəti 5 rayonun qaytarılmasına və digər məsələlərlə bağlı danışıqların davam etdirilməsinə razı olub. Lakin ABŞ-ın ciddi təzyiqlərindən sonra Ankara ilə Yerevan arasında "futbol diplomatiyasına" start verilib, nəticədə Ermənistan əvvəlki mövqeyindən çəkilərək bütün danışıqlar prosesini pozub. Faktlar təsdiq edir ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistanın daha da sərtləşəcəyinə və danışıqlar prosesində əldə olunmuş irəliləyişin iflasa uğrayacağına dair həmin vaxt Azərbaycan prezidentinin dedikləri tam reallığı əks etdirib.

Xəbər lenti

Xəbər lenti